• Azeri
  • Russian
  • English (UK)
  • Haqqımızda

    Azərbaycanı həmişə “açıq muzeylər ölkəsi” adlandırıblar. Respublika Dövlət Kənd Təsərrüfatı Muzeyi respublikanın ilk muzeylərindən bi­ri­dir. 27 dekabr 1922-ci il tarixində xalq komissarı H.Sultanov muzeyin təşkilinə rəhbərlik et­­mək üçün təşkilat komitəsinin yaradılması haqqında əmr vermişdir. 1923-cü ilin ok­t­yabr ayında  Az.SSR Xalq Torpaq Ko­missarlığı Azərbaycan Fəhlə - Kəndli De­putatları Sovetinin qurultayının açılışı münasibətilə Bakıda müvəqqəti kənd tə­sərrüfatı sərgisi təşkil etmişdir. Sərgidə respublikanın kənd təsərrüfatının vəziyyətini əks etdirən müxtəlif eks­po­nat­lar, dioq­ram və fotoşəkillər, ölkənin fiziki-coğrafi, torpaq, iqlim, demoqrafik xü­su­siy­yət­ləri və s. nümayiş olunurdu. Qısa müddət ərzində sərgini (oktyabr 1923 – 10 yanvar 1924) 8.000 insan ziyarət etmişdi. Bu böyük marağı nəzərə alaraq dövlət Az.SSR Xalq Torpaq və Xalq Ticarət Komissarlıqlarının təşəbbüsü ilə “Respublika”əhəmiyyətli Kənd Təsərrüfatı və Ticarət-Sənaye Muzeyinin yaradılması haqqında qərar verdi. 1924-cü ilin sonunda muzey artıq 23 otaqdan ibarət idi və iki şöbəyə ay­rılırdı: kənd təsərrüfatı və sənaye şöbələri. Kənd tə­sər­rü­fa­tı şöbəsinə elm-maarif; əkin­çilik və bitkilərin qorunması; heyvandarlıq; me­li­o­ra­si­ya; meşə təsərrüfatı; k/t maşın və avadanlıqları; ovçuluq və kustar sənaye böl­mə­lə­ri, sənaye şöbəsinə isə geologiya-kəş­fiyyat; dağ-zavod sənayesi; neft; texniki is­teh­sal; fəaliyyətdə olan mexanizmlər, qur­ğu­lar, maşınlar; Xəzər dənizi və balıqçılıq sə­nayesi bölmələri aid idi.

     Azərbaycan kino sənətinin incilərindən biri olan “Əhməd haradadır?” hər birimizə yaxşı tanışdır. 1963-cü ildə istedadlı sənət ustası Adil İsgəndərovun quruluş verdiyi bu film retro filmlər arasında xüsusi  dəsti-xəttə malikdir. Şübhəsiz ki, bu filmə baxanlar Kənd Təsərrüfatı Muzeyi ilə bağlı epizodu çox yaxşı xatırlayırlar. Kənddən gələn Leyla Əhmədi bu muzeyə aparır. Şəhərdə yaşamasına baxmayaraq, bir dəfə də olsun Kənd Təsərrüfatı Muzeyində olmayan Əhməd burada gördüklərinə heyran qalır və indiyədək buraya gəlmədiyinə görə peşmanlıq hissi keçirir. Bunun üçün Leyla onu qınayır. Ola bilsin ki, Əhmədin yolu sadəcə muzeyin yanından düşməyib və yaxud muzey elə yerdə olub ki, Əhmədi qınamağın yeri yoxmuş.

        Muzeylərin vətəndaşların tanıdığı, bildiyi yerdə olması onun nümunəvi işinin şərtlərindəndir. Çünki muzeylər Azərbaycanın tarixini, mədəniyyətini özündə yaşadır. Ənənəvi Azərbaycan kəndi, evlər, daxmalar, kəndlinin məşğul olduğu təsərrüfat sahələri, baytarlıq, heyvandarlıq, arıçılıq, meyvəçilik, ipəkçilik, çayçılıq, milli geyimdə bələdçilər və bu abu-havaya rəng qatan milli Azərbaycan musiqiləri...Bu məkana düşən hər kəs özünü tarixin müxtəlif mərhələlərində mövcud olan tipik Azərbaycan kəndində hiss edir. Bir tərəfdə qurulmuş təndir, əkin-biçin sahələri, tövlə, başqa bir tərəfdə təbii məhsullarla rövnəqlənən sadə kənd süfrəsi və daha nələr...Burada insan sanki əsrarəngiz, sehirli bir aləmə düşür. 

     Bu məqsədlə muzeydə tez-tez ekskursiyalar, sərgilər, mühazirələr, görüşlər təşkil olunur. Onun daim yeni ekponatlarla zənginlənən ekspozisiyası  həmişə kənd təsərrüfatının  inkişaf tarixini, müasir vəziyyətini özündə əks etdirən və geniş təbliğ edən ən təsirli silah olmuşdur. Burada  həm də respublikamızda yaşayan digər xalqların tarixini, mədəniyyətini, əkinçilik mədəniyyəti ilə bağlı adət-ənənlərini geniş kütləyə tanıtmaq məqsədilə sərgilər, televiziya verilişləri, görüşlər təşkil edilir; milli və dövlət bayramlarımız, xüsusi anım günləri müxtəlif tədbirlərlə qeyd olunur.  Muzey elmi idarə kimi respublikamızın  kənd təsərrüfatının bütün sahələri haqqında geniş məlumat toplamış və "Azərbaycan Kənd Təsərrüfatı Ensiklopediyası"-nı hazırlayaraq  çap etdirmişdir.  

    Bizə sualınız
    1. Adınız, soyadınız*
      Please type your full name.
    2. E-mail*
      Invalid email address.
    3. Sualınız
      Invalid Input
    Operator xətti