Azərbaycanı həmişə “açıq muzeylər ölkəsi” adlandırıblar. Respublika Dövlət Kənd Təsərrüfatı Muzeyi respublikanın ilk muzeylərindən biridir. 27 dekabr 1922-ci il tarixində xalq komissarı H.Sultanov muzeyin təşkilinə rəhbərlik etmək üçün təşkilat komitəsinin yaradılması haqqında əmr vermişdir. 1923-cü ilin oktyabr ayında Az.SSR Xalq Torpaq Komissarlığı Azərbaycan Fəhlə - Kəndli Deputatları Sovetinin qurultayının açılışı münasibətilə Bakıda müvəqqəti kənd təsərrüfatı sərgisi təşkil etmişdir. Sərgidə respublikanın kənd təsərrüfatının vəziyyətini əks etdirən müxtəlif eksponatlar, dioqram və fotoşəkillər, ölkənin fiziki-coğrafi, torpaq, iqlim, demoqrafik xüsusiyyətləri və s. nümayiş olunurdu. Qısa müddət ərzində sərgini (oktyabr 1923 – 10 yanvar 1924) 8.000 insan ziyarət etmişdi. Bu böyük marağı nəzərə alaraq dövlət Az.SSR Xalq Torpaq və Xalq Ticarət Komissarlıqlarının təşəbbüsü ilə “Respublika”əhəmiyyətli Kənd Təsərrüfatı və Ticarət-Sənaye Muzeyinin yaradılması haqqında qərar verdi. 1924-cü ilin sonunda muzey artıq 23 otaqdan ibarət idi və iki şöbəyə ayrılırdı: kənd təsərrüfatı və sənaye şöbələri. Kənd təsərrüfatı şöbəsinə elm-maarif; əkinçilik və bitkilərin qorunması; heyvandarlıq; meliorasiya; meşə təsərrüfatı; k/t maşın və avadanlıqları; ovçuluq və kustar sənaye bölmələri, sənaye şöbəsinə isə geologiya-kəşfiyyat; dağ-zavod sənayesi; neft; texniki istehsal; fəaliyyətdə olan mexanizmlər, qurğular, maşınlar; Xəzər dənizi və balıqçılıq sənayesi bölmələri aid idi.
Azərbaycan kino sənətinin incilərindən biri olan “Əhməd haradadır?” hər birimizə yaxşı tanışdır. 1963-cü ildə istedadlı sənət ustası Adil İsgəndərovun quruluş verdiyi bu film retro filmlər arasında xüsusi dəsti-xəttə malikdir. Şübhəsiz ki, bu filmə baxanlar Kənd Təsərrüfatı Muzeyi ilə bağlı epizodu çox yaxşı xatırlayırlar. Kənddən gələn Leyla Əhmədi bu muzeyə aparır. Şəhərdə yaşamasına baxmayaraq, bir dəfə də olsun Kənd Təsərrüfatı Muzeyində olmayan Əhməd burada gördüklərinə heyran qalır və indiyədək buraya gəlmədiyinə görə peşmanlıq hissi keçirir. Bunun üçün Leyla onu qınayır. Ola bilsin ki, Əhmədin yolu sadəcə muzeyin yanından düşməyib və yaxud muzey elə yerdə olub ki, Əhmədi qınamağın yeri yoxmuş.
Muzeylərin vətəndaşların tanıdığı, bildiyi yerdə olması onun nümunəvi işinin şərtlərindəndir. Çünki muzeylər Azərbaycanın tarixini, mədəniyyətini özündə yaşadır. Ənənəvi Azərbaycan kəndi, evlər, daxmalar, kəndlinin məşğul olduğu təsərrüfat sahələri, baytarlıq, heyvandarlıq, arıçılıq, meyvəçilik, ipəkçilik, çayçılıq, milli geyimdə bələdçilər və bu abu-havaya rəng qatan milli Azərbaycan musiqiləri...Bu məkana düşən hər kəs özünü tarixin müxtəlif mərhələlərində mövcud olan tipik Azərbaycan kəndində hiss edir. Bir tərəfdə qurulmuş təndir, əkin-biçin sahələri, tövlə, başqa bir tərəfdə təbii məhsullarla rövnəqlənən sadə kənd süfrəsi və daha nələr...Burada insan sanki əsrarəngiz, sehirli bir aləmə düşür.
Bu məqsədlə muzeydə tez-tez ekskursiyalar, sərgilər, mühazirələr, görüşlər təşkil olunur. Onun daim yeni ekponatlarla zənginlənən ekspozisiyası həmişə kənd təsərrüfatının inkişaf tarixini, müasir vəziyyətini özündə əks etdirən və geniş təbliğ edən ən təsirli silah olmuşdur. Burada həm də respublikamızda yaşayan digər xalqların tarixini, mədəniyyətini, əkinçilik mədəniyyəti ilə bağlı adət-ənənlərini geniş kütləyə tanıtmaq məqsədilə sərgilər, televiziya verilişləri, görüşlər təşkil edilir; milli və dövlət bayramlarımız, xüsusi anım günləri müxtəlif tədbirlərlə qeyd olunur. Muzey elmi idarə kimi respublikamızın kənd təsərrüfatının bütün sahələri haqqında geniş məlumat toplamış və "Azərbaycan Kənd Təsərrüfatı Ensiklopediyası"-nı hazırlayaraq çap etdirmişdir.