Xalça–palaz məmulatlarının bütün növləri eyni dəzgahda hanada toxunur. Hana ağacdan düzəldilir. Toxuma prosesində lazım olan əl alətlərindən-həvə, kirkit, bıçaq, qayçı və s. istifadə olunur. Bu eksponatımız isə cəhrə və yun daraqlardır. Cəhrə yun, pambıq və s. əyirən alətdir. Toxuculuğun inkişafı ilə əlaqədar yaranmışdır. Yunu daraqla darayıb cəhrə ilə sap əyirirdilər. Əyrilmiş sapları rəngləyib xalça, palaz, xurcun və şal toxuyardılar. Daxmanın interyerini müxtəlif ölçüdə olan sandıqlarbəzəyir. Adətən sandıqlarda geyim əşyaları, yeyinti məhsulları saxlanılırdı. Sandıq-icərisinə paltar və başqa əşya qoymaq üçün taxtadan düzəldilən, üzəri dəmirlə işlənmiş, açarla açılıb-bağlanan, qapaqli, iri uzunsov qutudur. Kecmişdə üstünə yorğan döşək yığılırdı. Otaqda məişətdə istifadə olunan xurcunlar, duz çantası, saxsı küp, mis su qabları, mis qazan,misdən bardaq, taxtadan qənd doğramaq üçün qab, taxta qaşıqlar, halva çalan kürək, çörək taxtası və s. nümayiş olunur. Daxmanın tavanından otağı işıqlandırmaq üçün mis qara çıraq asılıb. Əhali piy, mazut və qara neftlə işləyən qara çıraqlardan istifadə edərdi. Onlar şüşədən, misdən, saxsıdan və hənəkədən düzəldilirdi. Evin bir hissəsinin kənarından tövləyə giriş üçün qapı qoyulardı. Mal-qaraya tez-tez baş çəkdikləri üçün tövlənin qapısı daxmanın içinə açardılar.