Misirdə e.ə. IV-III minilliklərdə, Kiçik asiyada e.ə. III-II minilliklərdə, Qafqazda, o cümlədən Dağıstanda, Azərbaycanda, Gürcüstanda e.ə. I minilliyin ortalarında yayılmış qəbir formalarından biridir. Küpdə dəfn etmə adəti Azərbaycanda VII-VIII əsrlərə kimi davam etmişdir. Küp qəbirləri mədəniyyəti Kür və Araz çayları hövzəsində geniş yayılmışdır. Küp qəbir mədəniyyəti üçün əsasən qırmızı və ya boz rəngli iri küplərdə dəfn adəti xarakterikdir. Azərbaycanda küp qəbir mədəniyyətinə aid qəbirstanlıqlar Mingəçevir, Mil-Qarabağ, Şirvan, Naxçıvan və s. ərazilərdə aşkar edilmişdir. Ölülər bükülü vəziyyətdə sağ və ya sol böyrü üstdə, əsasən üfuqi şəkildə dəfn olunurdular. Qəbirlərdə müxtəlif saxsı qablar, bəzək əşyaları, silahlar, əmək alətləri və s. aşkar edilmişdir. Küp qəbirləri mədəniyyətinə mənsub əhali əkinçilik, maldarlıq, ovçuluq, balıqçılıq, sənətkarlıq və ticarətlə məşğul olmuşdurlar.