“Qobustan”-Azərbaycanın ən qədim yaşayış məskənlərdən biridir. Bakının 55 km cənubunda yerləşən alçaq dağlıq sahədir. Qobustan “ Qobular ” olan yer deməkdir. “Qobu” sözü türk mənşəli söz olub, qurumuş geniş çay vadisi deməkdir.
Qafqazda ən böyük palçıq vulkanı məhz Qobustandadır. Qobustanı dünyaya tanıdan onun qədim` qayaüstü təsvirləridir. Qobustanda qayaüstü təsvirlərin yaranma tarixi 15 min il bundan əvvəl, paleolit dövründən başlayıb orta əsrlərə, islamın yayıldığı dövrə qədər davam etmişdir. Qobustan qayaüstü təsvirlərini 1939-cu ildə azərbaycanlı arxeoloq İshaq Cəfərzadə aşkarlamışdır. Burada 20 mağara və yaşayış yeri , 40-a yaxin kurqan qeydə alınmışdır. Qobustanın qədim qayaüstü təsvirləri kolleksiyasına Böyükdaş, Kiçikdaş, Çınqırdağ, Yazılıtəpə, Şonqar, Şıxqaya kimi nəhəng abidələr aid edilir ki, bu təsvirlərin sayı da 6000- dən çoxdur. Bu qayaüstü rəsmlərdə insan təsvirləri (qadın və kişi), heyvan təsvirləri (iribuynuzlu öküz, at, quş, balıq, ilan, kərtənkələ, əqrəb, maral və s.) əks olunmuşdur. Eyni zamanda qaya rəsmlərində çoxlu sayda balıq, balıq toru, araba təkəri, latın və ərəb qrafikası ilə yazı qalıqları vardır. 1981-ci ilin yayında dünya şöhrətli Norvecli səyyah , alim Tur Heyerdal Qobustanı gəzərkən qayaüstü təsvirlərini, əsasən də qayıq təsvirini Skandinaviyadakı qədim saqalara oxşatmış və güman etmişdir ki, Azərbaycanın qədim əhalisi Skandinaviyaya miqrasiya olunmuş və eyni ilə qayıq təsvirlərini oradakı saqalarda əks etdirmişlər. Qobustanın Anazağa, Çardağzağa, Feruz düşərgəsi, Böyükdaş qədim yaşayış yerlərində ilk maddi mədəniyyət qalıqları aşkar edilmişdir.
Bu yaşayış abidələrində əhalinin oturaq, əkinçilik, maldarlıqla məşğul olduqlarına dair 150 mindən çox qiymətli tapıntılar aşkara çıxarılmışdır.2007-ci ildə Qobustana YUNESCO-nun “Dunya irsi sahəsi” statusu verilmişdir