Azərbaycanda minilliklər boyu yerli əhalinin təsərrüfat məişətində mühüm rol oynayan at ən qiymətli xalq nəqliyyat vasitələrindən biri kimi geniş yayılmışdır. Muğanda Əlikömək təpə qədim yaşayış yerindən tapılan at sümükləri göstərirki, hələ VI-VII min il bundan əvvəl Azərbaycanda əhliləşmiş iki at cinsi olmuşdur. Deməli Azərbaycan atçılığın vətənlərindən olmuşdur. Boz dağların arasında qərar tutan Mingəçevirdə III minillik tarixi olan kürqanlardan onlarca at skeleti və onun ayrı- ayrı hissələri tapılmışdır. Həmin skeletlərin üzərində qiymətli əşyalar, tunc asmalar, düymələr, kəmərlər və başqa at ləvazimatı aşkar edilmişdir. Atın müqəddəs heyvan kimi baxan yerli əhali onun baş və ayağını bəzək ləvazimatı qəbirlərə qoymuşlar. Atçılıq Manna və Midiya dövlətləri ərazisində xüsusilə inkişaf etdirilmişdir. Mannada atçılığın geniş yayıldığını Assur mixi yazıları təsdiq edir. Antik dövr müəlliflərin əsərlərində Midiyanın Misey çölündə 160000 baş qiymətli at otarıldığı qeyd edilmişdir. Midiyada yetişdirilən yonca zəif atlara can və qüvvə verirdi. T.Bəhramiyyə görə qədim İranlılar Midiyanın ağ atını müqəddəs sayırdılar. XIX əsrin və XX əsrin əvvəllərində Azərbaycanda Qarabağ, Qazax, Şirvan və Quba atları daha məhşur idi. Qafqazda say etibarı ilə də ən çox at Qarabağdadır. Qarabağ atının tarixi hələlik qəti müəyyən edilməyib. Lakin bu ərazidə üç minillik tarixi olduğunun ehtimal etmək olar.Araşdırmalar nəticəsində Qarabağ atları öz mənbəyini ən qədim zamanlarda Azərbaycanda mövcüd olmuş Nisey atlardan götürülmüşdür. Nisey atlarından əsas iki qol ayrılmış: onlardan biri Türkmən xalqının yetişdirdiyi Axaltəkə atları digəri isə azərbaycan xalqına məxsus olan Qarabağ atları olmuşdur. Orta əsrlər boyu bəslənilib-yetişdirilən Qarabağ atı XVIII və XIX əsrlərdə daha genış ərazini bürümüş, cinsi xeyli yaxşilaşdırılmış və özünün xeyli inkişaf mərhələsinə çatmışdır.
XIX əsrin 1-ci yarısında Qarabağda cins atları olan onlarla at zavodları olmuşdur. Qarabağ atlarının yerişi cəld, geniş və yaraşıqlıdı. Özünə məxsus yaraşıqlı bədən quruluşu vardır. XIX əsrin sonu XX əsrin əvvəlində keçirilən beynəlxalq və ümumrusiya at sərgi və müsabiqələrində Qarabağ atı yüksək qiymətləndirilmiş və mükafatlara layiq görülmüşdür. 1867-ci ildə Parisdə beynəlxalq sərgisində “Xan” adlı qızılı kəhər ayğır gümüş medala layiq görülmüşdü. 1869-cu il Moskva sərgisində “Meymun” gümüş medal və pul mükafatı, “Toxmaq” bürünc medal və “Sərbinaz” fərqlənmə diplomuna layiq görülmüşdü.1872-ci il sərgisində “Bayram” adlı ayğır 3-cü pul mükafatına layiq görülmüşdü. Lakin XX əsrdə Qarabağ cinsinin tarixində ən önəmli hadisə kimi “Qarabağ” at zavodunun yaradılmasının əvəzsiz rolu qeyd olunmalıdır. 1949-cu ildən Ağdam ərazisinin yaxınlığındakı Göytəpə adlanan yerdə (vaxtı ilə Xan zavodlarına məxsus idi) zavod uğurla fəaliyyətə başlayır. 1952-ci ildə 6 baş tipik Qarabağ atı seçilərək ümumittifaq kənd təsərrüfatı sərgisində iştirak etmək üçün Moskvaya göndərilir. 1956-cı ildə Sovet hakimiyyəti tərəfindən İngiltərə kraliçası II Yelzavetaya zavodda yetişdirilmiş Zaman adlı ayğırın hədiyyə edilməsi cinsin tarixində önəmli hadisələrdən hesab edilir. Həmin atı kraliçaya məhşur jokey Əli Tağıyev aparmışdır. Qarabağ atları bir çox xarici dövlətlərə o cümlədən Almaniyaya, Hollandiyaya, İsveçrəyə, İtalyaya, Fransaya və digər ölkərədə satılmışdır. Qərbi Azərbaycanda qədimdən geniş yayılmış at cinsi Qazax atıdı. Qazax at cinsinə “Dilboz“ və “Haçadil” də deyilirdi. Qazaxın Xanlıqlar kəndində olan tanınmış Dilbozlar nəsli uzun müddət Qazax atının cinsləşməsinə qayğı göstərmiş və ona öz adını vermişdir. Bu at davamlı, qoşquda əlverişli, minikdə yüngül və möhkəmdir. Qazax atları saatda 7-8 km qət edir. Bir gündə 60-70 km yol gedə bilir. Çox qədim zamanlardan atı yükləmək və qısməndə minmək üçün ona palanda vurulurdu. Palan yumuşaq keçedən düzəldilərək içərisi yunla doldurulurdu. Sonralar isə palanı yəhərlə əvəz edildi. Yəhərlərin bir neçə növü vardır: müsliman yəhəri, çərkəzi yəhəri və ingilis yəhəri. Minik atlarına çox vaxt “Ərəb yəhəri” deyilən yerli yəhər vurulurdu. Yəhərin hər iki tərəfindən üzəngi asılır. Üzənginin asması qayışdan ayaqları metaldan olur. At ləvazimatı içərisində yüyənin öz yeri var. Onlarla atı idarə etmək üçün istifadə edilir. Atın yüyəninə zınqrov asılır. Zınqırov yaraşıq üçün olmayıb həmdə atın hazır oynaq vəziyyətdə olmasın təmin edir. Atın nalsız minməsi qeyri mümkündür. Bu vəziyyətdə atın ayağı zədə alır və nəticədə xəstəliyi düçar olur. At xalqımızın sevib–bəslədiyi, ehtiram göstərib əzizlədiyi müqəddəs heyvan olmuşdur. Atın təzə doğulanı dayça, altı aylığına daylaq, üç illik erkəyinə üryə, dişisinə qulam, 4 yaş arasına At (erkəyinə), Madyan ( dişisinə) deyilir. Döllük ata ayğır deyilir. Atçılıq minilliklər boyu xalqımızın məişətində mühüm rol oynamış ən müqəddəs və etibarlı heyvan sayılmışdır. Xalqımız mərd igidin adını köhlənlə qoşa çəkibdir: “ Yaxşı minən igid ümidini ata bağlar”, “At- igidin yaraşığıdır”, “At ölər meydan qalar, igid ölər ad-san” və s. deyiblər. Insanı cavan saxlayan, qürurlu və ümidli edən at tarixi döyüşlərin səngər qalası, qələbə şöləsi, xalq oyunlarının gözəlliyi cıdırların yaraşığı olmuşdur. Qədim xalq oyunlarıdan olan “Çövkən” oyunu çevik, cəld , dözümlü, mərd igidlərin hazırlanmasında böyük rol oynamışdı. Bu oyunu ağacdan hazırlanan “Çövkən” adlı alətin adı ilə bağlıdır. Çövkənin qaydası üzrə altı oyunçu at belində bir-birlərinə rəqib iki dəstəyə ayrılaraq topu uznuluğu 120-130 cm ucu əyri çövkənlə rəqib qapısından keçirməlidirlər. 2 saat davam edən oyun musiqi ilə müşayiət edilirdi. Bütün oyunçular milli geyimdə çıxış edirlər: papaq, arxalıq, gen şalvar, yüngül ayaqqabı. Dahi Nizami “Xosrov və Şirin” poemasında bu oyunnun təsvirinə geniş yer ayırmışdır.