Azərbaycan əlverişli təbii-coğrafi şərairtə malik ölkədir. Hələ ta qədimdən burada əkib becərmək üçün şərait mövcud olmuşdur. Azərbaycanın qədim əkinçilik ölkələrdən olmasını təsdiq edən amillərdən biri onun zəngin və müxtəlif əkinçilik əmək alətlərinin mövcudluğudur. Tarixən əkinçilikdə əsas xış, qara kotan, vəllər, bel, çin, oraq və s. kimi sadə alətlərdən geniş istifadə edilmişdir.
Bildiyimiz kimi torpağın şumlanmasında qoşqu qüvvəsi ilə istifadə olan bir sıra şum alətləri mövcud olmuşdur. Azərbaycanda bir-birini tamamlayan xışlar və qara kotan kimi şum alətləri daha geniş yayılmışdır. Xışlar torpağı üzdən şumlayır və onu az çevirir. Xış önsüz və laydırsız olur. Gavahın simmetrikdir. Kotanlar isə önlü və bir tərəfi laydırlı olur, torpağı daha dərin şumlayır və laylayır. Xış ağacdan düzəldilən ən qədim şum alətidir. Sadə qurluşlu xış torpağı cızmaq üçün qolu olan təbii ağacdan düzəldilirdi. Sonrakı dövrlərdə isə bir neçə ağac hissədən düzəldilmişdir. Həmin alət daha meşədən hazır halda tapılmır, onu yerli ustalar düzəldirdi. İstər bütöv,istərsə də geydirmə kötüklü xışlar bir cüt qoşqu heyvanı ilə işlədilmişdir. Xışların hamısında gavahın olmuşdur. Gavahınlar da iri və ya kiçik, ucunun oval və yaxud iti olması ilə fərqlənirdi. Taxılın döyülməsində geniş işlədilən ən mühüm alət ağac vəllər və qismən də carcarlar olmuşdur. Azərbaycanda hələ eramızdan əvvəl II minilliyin sonlarına aid ağac vəl Göy-Göl rayonu ərazisində aşkar edilmişdir. Bu döyüm aləti əsrlər boyu öz quruluş və fuinksiyasını olduğu kimi saxlamışdır. Vəllər, XIX əsr və XX əsrin əvvəllarindədə demək olar ki, əsas döyüm aləti olaraq qalırdı. Vəl daha davamlı olan ağac növündən hazırlanırdı. Vəlin böyük və kiçik, ağır və yüngül olması taxılın növü və iqlim şəraiti ilədə bağlıdır. Düzənlik ərazidə taxılın daha quru olması ilə əlaqədar vəllər yüngül və kiçik həcmli olurdu. Ağac vəllər tay və qoşa olurdu. Tay qoşa vəllərə nisbətən sadə, ağır və iri idi. Ağac vəlin döyüm prosesini sürətləndirmək üçün onun alt- işlək hissəsindəki gözlərə xırda daş və daş parçaları pərçimlənir. Vələ bir at və ya boyun öküz qoşulardı. Qoşa vəllər döyüm prossesində daha çox istifadə edilərdi.