• Azeri
  • Russian
  • English (UK)
  • Qazma daxma

    Ev- insanların rahatlığının, istirahətinin, təsərrüfatın və həyatı tələblərini təmin edən bir abidədir. Azərbaycan ərazisində yaşayış evləri öz müxtəlifliyi ilə seçilir. Xalq yaşayış evi tiplərinin yaranmasında ərazinin təbii-coğrafi şəraiti, əhalinin təsərrüfat məşğuliyyəti, inşaat materialları, tikinti texnikası, ictimai həyat və ailə məişəti böyük rol oynamışdır. Buna görə də xalq yaşayış evləri müxtəlif tipdə  olmuşdur, təbii mağaralardan (zağa, kaha, sığnaq, kühül) müasir yaşayış evlərinə kimi uzun bir tarixi təkamül prosesi keçmişdir. Azərbaycan xalq yaşayış evlərini  əhalinin həyat tərzinə görə: oturaq əhaliyə məxsus daimi evlər, elatlara məxsus müvəqqəti evlər; inşaat texnikası və tikinti materiallarına görə: möhrə-kərpic evlər, qargı evlər, daş evlər, ağac evlər; dam örtüyünün formasına görə: piramidal-pilləli dam örtüklü evlər, yastı dam örtüklü evlər, balıqbeli dam örtüklü evlər, çatmadan örtüklü evlər; evlərin hündürlük baxımından:  batıq və ya qazma-qabartma evlər, yerüstü evlər; plan quruluşuna görə kəllayı, qoşa kəllayı, cərgəvi və dairəvi-oval  qruplara bölmək olar. Evlərin tikilməsində əhalinin istifadə etdiyi ənənəvi inşaat materialları daş, ağac, gil, kərpic, gəc, əhəng, kirəmit, qır, qarğı, qamış, çubuq, keçə və s. ibarət olmuşdur. XX əsrin əvvəllərinə qədər Azərbaycan kəndlərinin iqtisadi vəziyyətinin ağırlığı, mədəni səviyyəsinin aşağı olması bir sıra arxaiq ev tiplərinin son zamanlara qədər qalmasına imkan yaratmışdır.

             Kiçik Qafqaz, Gəncəbasar və Qərb bölgələrində adlandırdıqları  kimi qazma, yarımqazma və yaxud pəyə yaşayış evləri üstünlük təşkil edirdi. Ağcəbədi rayonunun Salmanbəyli kənd ərazisində aparılmış arxeoloji qazıntılar zamanı e.ə X-VIII əsrlərə aid bir neçə qazma evlər aşkar edilmişdir. Planda düzbucaqlı olan bu tip evlər onun sahibinin maddi vəziyyətindən asılı olaraq müxtəlif ölçülərdə tikilirdi. Dağlıq ərazilərində son zamanlara qədər qalmaqda olan qazma (pəyə) tipli evlərin inşa qaydası asan olduğundan onları hər kəs tikə bilirdi. Bunun üçün yamacın gündöyən səmtində kalafa qazılırdı. Kalafanın arxa və iki yan divarlıarı yamacın dik çapılmış torpaq divarından, açıq qalmış qabaq tərəfi ilə daş hörgüdən olur  və burada giriş yolu qoyulurdu. Düzənlik yerlərdə inşa edilən belə qazmalarda divarların dördüdə torpaqdan olurdu. Kalafa qazılıb başa çatdıqdan sonra qazmanın (pəyənin) daş örtüyü qurulurdu. Bunun üçün evin uzunu boyunca bir-birindən 1.5-1.7 m aralı dirəklər basdırılır. Üzərinə yoğun tir (kərən) atdıqdan sonra kalafa divarlarının üstünə “hərmə” (pasna) adlanan yastı ağaclar uzadılır. Hərmənin qoyulması dam örtüyünün ağırlığı altında torpaq divarın uçulub-tökülməsinin qarşısını alırdı. Bir ucu hərmənin üzərinə qoyulan pərdələr vasitəsi ilə dam çardağı qurulur, üstünə carcı, avar döşədikdən sonra kalafanın içərisindəki torpaq dam örtüyünün üstünə atılıb möhkəm tapdalanırdı. Qazmaların içərisində ocaq, divar boyunca taxt olurdu, iç  divarları  bəzən ağac, daş və s. ilə bərkidilirdi. Tədricən inşaat materiallarının zənginləşdirilməsi nəticəsində qazma (pəyə) tipli yaşayış evləri yeni variantlarda inşa edilirdi. Beləki, dik çapılmış divarın qarşısında hərmə (pota) dirəkləri basdırılır, hərmə ağacları həmin dirəklərin üstünə qoyulurdu. Belə olduqda qazmanın davamlılığı artır, torpaq divara dam örtüyünün təzyiqi azalırdı. Digər formada isə divar boyu basdırılmış hərmə dirəklərinin arası çubuq və ya qarğı ilə hörülür, üzəri suvanırdı. Sonralar onu daş hörgüsü əvəz etmışdir. Sonralar ayrımlara məxsus pəyəbaşı qazma tipli yaşayış evi meydana cıxmışdı. Burada ümumi bir tavan altında həm yaşayış evi, həmdə mal-qara yerləşirdi. Yaşayış üçün nəzərdə tutulan otaqlar (“olacaq”) mal-qara saxlanılan yerdən (“pəyə”) bir-iki pillə (20-30 sm) hündürdə tikilirdi. Dünyanın bir çox xalqı qazmadan istifadə etmişdir. Şimali Amerika hindliləri və eskimolar indidə qazmadan ev kimi istifadə edirlər.

    Bizə sualınız
    1. Adınız, soyadınız*
      Please type your full name.
    2. E-mail*
      Invalid email address.
    3. Sualınız
      Invalid Input
    Operator xətti