Azərbaycan geyim mədəniyyətinin formalaşmasında xalqın mənəvi-əxlaqi, psixoloji-ideoloji baxışları, dünyagörüşü, mədəni həyatı böyük rol oynamışdı. Geyimlər haqqında aparılan tədqiqatlar sübut edir ki, e.ə. I minillikdə Azərbaycan əhalisi yun və kətandan toxunma köynək və şalvar geymiş, dəri bürüncəklərdən istifadə etmiş, keçə və yun papaq gəzdirmiş, ayaqlarına isə ucları yuxarı qatlanmış dəri ayaqqabılar geymişlər. Paltar hazırlamaq üçün başlıca xammal yun, dəri, çox ehtimalki, həmdə keçə olmuşdur.XIV-XV əsrlərdə Azərbaycan xalq geyim fondunda geyimlər gündəlik və mərasim (toy, bayram, qonaqlıq, yaş və s.) geyimlərinə ayrılmışdır.Bu ənənəvi geyimlər XX əsrə kimi özünün rəng əlvanlığı, biçim tərzi və tikiş üslubunun mürəkkəbliyi, eləcədə tip və formalarının müxtəlifliyi ilə seçilirdi.
Azərbaycanlıların qadın geyimləri həmdə gündəlik və boğçalıq (bayramlıq) geyimlər olmaqla da iki dəstə hazırlanmışdır. Boğçalıq paltarlar hər bir qadının “baş libası” hesab olunar. Ilk dəfə toyuna geyilər, sonralar isə əlamətdar günlərdə, bayramlarda, el şənliklərində istifadə olunardı. Bundan fərqli olaraq, gündəlik geyimlər, ailə-məişət tərzindən, təsərrüfat məşğuliyyətindən asılı olaraq dəstlənirdi. Qadın üst geyim tipinə üst köynək və üst tuman aiddir. İqtisadi imkandan asılı olaraq qadın üst tuman və üst köynəyi qanovuz, zərxara, alxara, məxmər, atlas və s. kimi bahalı parçalardan eləcə də çit, tastik, sətin, müxtəlif rənglərə boyanmış midqalı ağ, şal və s. kimi ucuz parçalardan tikilirdi. Yaş fərqindən asılı olaraq qocaların tumanı qara, yaşıl, göy, palıdı və s. parçadan, qız-gəlin tumanı isə daha gözəgəlimli rəngli-güllü parçalardan hazırlanırdı. Qadın üst köynəyi kəsmə və tuniki biçim üsulunda tikilərək, qollarının ağzı bilərzikli və yelpazəli olurdu. Bele köynəklərin ətəyi, tumanın üstündən salınırdı.Qadın üst tumanı xışdəksiz tikilməklə büzməli və qırçınlı olurdu.Istər gündəlik istərsə də boğçılıq geyim dəstinin tərkib hissəsi kimi döşlük, önlük, zivin, çəpkən, nimtənə, lavada, çərkəzi, kürdü, küləcə və s. geyim dəstini tamamlayırdı. Toy libaslarının tərkib hissəsi olan döşlük, önlüklər və başqalarının bahalı parçadan tikilir, ətək yanlarına başqa rəngdə parçadan qırçın–köbə qoyulurdu. Imkanlılar qırçınların üstünə qızıl-gümüş qozalar və düymələr düzürdülər.Baş geyimlərinə nəzər salsaq qadın baş geyimləri geymə (qoyma) və bağlama (örtmə) olmaqla iki qrupa bölünürdü. Birinci qrup baş geyimlərinə təsək, çutqu, araqçın, dingə, bağlama qrupuna isə ləçəklər, çalmalar, kəlağıyılar, şallar, örpəklər, çadra, çarşab, duvaq və s. aid idi. Kəlağayı örtmə baş geyimi daha geniş şəkildə istifadə edilirdi. Burada yaşa və zövqə uyğun olaraq qırmızı, qara, ağ, palıdı yerli, yeləkli kəlağayılar varlı qadınların gündəlik geyim dəstinə, yoxsulların isə bayramlıq paltarları içərisində əsas yer tuturdu. Adətən başa bağlamaq üçün onu diaqonal boyunca qıyqac edir, uclarından birini sinə üstünə sərbəst buraxıb, digər ucunu sərbəst qalan qanadın üstündən kürəyə atırdılar. Kürəyə atılan qanadından yaşmaq kimi də istifadə edilirdi. XIX yüzillikdə qadın geyim dəstində çadra (çarşab) mühüm yer tuturdu. Evdən çıxarkən geyilən çadra bədəni topuğa qədər bürüyürdü.Muğan qadınları məxmər və tirmədən tikilmiş, alçaq, girdə araqçın geyərdilər. Naxçıvanda “Aygün”, “Ulduz”, “Buta”, və s. bəzəklər salınmış araqçınlara üstünlük verilirdi. Qadınlar araqçının üstündən “Bağdadi kəlağayı” salardılar.XIX-XX əsrin əvvəllarində Azərbaycan qadınlarının ənənəvi ayaq geyimləri corab, badış, çarıq, başmaq, şətəl, çust, nələyin, məst, lapçın, dabanlı uzunboğaz və yarımıboğaz çəkmə, kəlik və s. ibarət olmuşdur. Təsərrüfat işləri zamanı qadınlar corab üstündən çarıq geyərdilər. Ev şəraitində “məst”, “çust” şəhər qadınları isə daha çox nəleyin və kəlik geyməyə üstünlük verirdilər. Uc hissəsi yuxarı qatlanmış formada tikilən başmaqlar ayaqda gözəl görünsün deyə, əlvan saplarla, qızılı simlərlə tikilir, davam oturağına əlvan parçalardan “döşəmə” qoyulurdu. Pəncəsi məxmərdən tikildikdə üzərini güləbətin tikmə ilə bəzəyirdilər. XX yüzilliyin 20-30-cu illərindən başlayaraq fabrik istehsalı olan yerli, rus və Avropa libaslarını xalq məişətinə daxil olması geyim fondunu büsbütün yeniləmişdir.
Kişi üst paltarlarına nəzər salsaq birinci qrupa şalvar, ikinci qrupa isə üst köynəyi, arxalıq, çuxa, kürk və s. daxil idi. Bu geyimlərdə gündəlik (iş paltarı) və boğçalıq (xeyir-şər paltarı) olmaqla iki dəstdən ibarət hazırlanırdı. Şalvarı yoxsullar yer hanasında toxunmuş “qılıcışal”dan, Şirvan şalından, satınalınma ləzgi şalından, yaşlılar isə mahuddan, məndulədən, yekrəng ipək parçadan tikdirirdilər. Maldarlıq və qisməndə əkinçiliklə məşğul olan kəndlilər şalvarın balağını corabın içinə salır və üstündən dolaq çəkirdilər. Tuniki və kəsmə üsulu ilə biçilən kişi üst köynəklərinin Azərbaycanda “duzyaxa”, “çərpyaxa” və “mindoylu köynək” formaları geniş yayılmışdı. Kişi üst köynəkləri şilə, qədək, çit, fay, qanovuz, atlas, mabud, məxmər və s. parçalardan tikilirdi. Keçmişdə köynəyin üstündən arxalıq geyərdilər. Ətək quruluşuna görə büzməli olan arxalıqlar müxtəlif variantda biçilib tikilirdi. Arxalığın üstündən qurşaq, qayış-kəmər, qızıl kəmər, gümüş təkbənd bağlayardılar. Toy paltarları göz oxşayan bahalı parçalardan tikilir və təzə olması ilə fərqlənirdi. Çuxa üst geyim növü kimi mühüm yer tuturdu. Çuxalar ətəyinin formasına görə “büzməli”, “çinli” və “büzməli-çinli”, qol yerinin formasına isə “qoltuqlu” və “qoltuqsuz” hazırlanmışdır. Naxçıvan və Qarabag bölgəsi üçün oyma yaxalı cuxalar, döş hissəsinə vəznə qoyulan və ətəyi qısa “vəznəli cuxa” lar (“çərkəzi çuxa”) xarakterik olmuşdur. Ənənəvi kişi geyim kompleksində papaq həmişə şərəf, qeyrət və namus simvoludur. Papaqları dəri, keçə, parçadan hazırlayırdılar. Yerli qoyun dərisindən hazırlanmış papaqlar üstünlük təşkil edərdi. Bunlardan “buxara papaq”, “şiş papaq”, “şələ papaq”, “başlıq”, “fəş” və s. qeyd etmək olar. Kişi ayaq geyimlərinə çarıq, başmaq, dübəndi, qondara, çust, məst, corab, badış, patava və s. ibarət idi.Yüngül və ucuz başa gəlməsi, çöl təsərrüfat işləri zamanı çarığı gündəlik ayaq geyiminə çevirmişlər. Onu həm aşılanmış həmdə xam göndən tikirdilər. Çarıq ayağa geyildikdən sonra “çarıq bağı” ilə bağlanırdı. Şəhər əhalisinin geyim dəstində kişi başmağı “mərdanə başmaq” əsas yer tuturdu. Hündürdabanlı altına nal vurulmuş, aşılanmış gön materiallardan hazırlanırdı. XIX əsrin sonu XX əsrin əvəllərindən başlayaraq xalqın geyim dəstinə rus və avropa ayaq geyimlərinin tədricən daxil olması, həm kişi həmdə qadın ayaq geyimi olan qoloşun istehsalı yuxarıda sadalanan ayaq geyimlərini sıxışdırıb məişətdən çıxarmışdı.