Super User
Taxılçılıq
Dünyada əkilib becərilən ilk bitkilərdən olan buğda eramızdan əvvəl VIII-VII minilliklərdə Qərbi Asiyada yetişdirilməyə başlandı. Daha sonra Cənubi Avropaya və Şimali Afrikaya, kəşflərdən sonra isə Avstraliyaya və Amerika qitələrinə də yayılır. Taxılçılıq dünyanın qədim kənd təsərrüfat sahələrindən biridir. Hələ İraqda, qədim Misirdə, Çində, Şərqi Avropada yaşayan xalqlar taxılçılıqla qədimdən məşğul olmuşdular. Zaqafqaziya və Orta Asiya ərazisində e.ə. V-IV minilliklərdə taxıl əkilirdi.
Azərbaycan ərazisində yabanı arpa və buğda, taxıl növlərinin mövcudluğu ta qədimdən burada əkib becərməyə şərait yaratmışdı. Şum alətlərinin sadədən mürəkkəbə doğru inkişafıdan, biçin və döyüm qaydaları, taxılın saxlanma məsələləri başqa sahələrində inkişafına zəmin yaratmışdır. Azərbaycan ən qədim əkinçilik ölkəsidir. Burada dənli bitkilərin, xüsusilə buğda bitkisinin becərilməsi ilə dörd min il bundan əvvəl məşğul olmuşlar.Burada hələ neolit dövründə dəmyə əkinçilik əhalinin əsas məşğuliyyəti olmuşdur. Taxılçılığın qədim olduğunu arxeoloji qazıntılar zamanı tapılmış buğda dəni və un, daş kirkirə, buğda bitkisini becərmək üçün daş toxalar, vəllər və s.vasitələr sübut edir. Beləki, Kültəpədəki qazıntılar zamanı 4.65 m dərinliyində buğda və arpa dəni tapılmışdır. Bundan başqa, yenə orada dənəzən və keramikalarda tapılmışdır ki, bunların tarixi e.ə. III minilliyə aiddir. 1926-cı ildə Əsgəran qalası yaxınlığındakı Xocalı qəbirsanlığında bir dolça (su qabı) tapılmışdır: dolça e.ə. II minilliyə aiddir. Dolçanın qulpunda buğda və darı şəkillərindən ibarət relyef təsvir olunmuşdur. 1940-cı ildə Göy-Göl rayonunda aparılan qazıntılar zamanı agac və daş vəllər tapılmışdır. Bu vəllər çaxmaq daşından ibarət olub, e.ə. II minilliyin sonuna aid edilir. Vəllərlə bir yerdə adam meyididə dəfn olunmuşdur. Güman etmək olar ki, bu adam əkinçi olmuşdur. C.M.Qazıyev və başqa tarixçilərdən ibarət olan ekspedisyanın üzvləri tərəfindən Mingəçevirdə aparılan qazıntılar zamanı tapılmış un və buğda dənəsi xüsusilə maraqlıdı. Bunlar eramızın birinci əsrinə aiddir. Toxumlar öz rəngini və formasını saxlamış, un isə azacıq rəngini dəyişmişdir. Buna bir tərəfdən yaxşı saxlama şəraiti, digər tərəfdən isə buğdanın yüksək keyfiyyətə malik olması ilə izah etmək olar. Əkinçiliyin inkişaf tarixi göstərir ki, Azərbaycanda iki dənli bitki: buğda və arpa daha çox becərilmişdir. Azərbaycanın Rusiyaya birləşdirilməsindən sonra kənd təsərrüfatında əsas aparıcı rolu yenədə taxılçılıq tuturdu. Taxılçılıq əhalinin başlıca məşğuliyyəti olmuşdur. XIX əsrin 30-50-ci illərində Qarabağ, Şirvan, Quba əyalətlərində çoxlu taxıl toplanmışdır. Beləki, 1830-1832-ci illərdə Şirvandan 2.770.770 pud, Qubadan 2.392.500 pud, Qarabağdan 209.000 pud buğda məhsulu yığılmışdır. Azərbaycanda istesal olunan taxılı xarici bazarlarda həvəslə alırdılar. Sarı buğda sortu özünü yüksək keyfiyyətinə görə, dadına görə, artımına görə şöhrət qazanmışdır. Batumi və Poti limanları ilə Azərbaycan buğdası İtaliya, Yunanıstan, Fransa, Türkiyə, Hollandiya, Almaniya və digər ölkələrə aparılırdı. 1885-1887- ci illərdə Batumi və Potiya, oradan isə xarici bazarlara 11 milyon pud buğda və arpa aparılmışdır. Buğdanın 22 növü mövcuddur. Bunlardan ikisi geniş yayılmışdır: bərk və yumşaq. Yumşaq buğdanın 9 növü , bərk buğdanın 10 növü vardır. Bu buğda növlərı həm payızlıq həm də yazlıq becərilir. Buğda bitkisinin uzun müddət becərilməsi, seçilməsi son zamanlar həmdə hibritləşdirilməsi nəticəsində bir çox sortlar yaradılmışdır ki, bunlarda öz əcdadından və hazırda yabanı halda bitən çox yaxın cinslərdən xeyli fərqlənir. Azərbaycanda kəndlilər əsrlər boyu buğdanın sortunu yaxşıllaşdırmaqla məşğul olmuşlar. Hər il kəndlilər sünbülün orta hissəsindən toxumlar secib ayırmışlar. Bu prosesə onlar “Başaq seçmə” yaxudda “axta buğda” adlandırmışlar. Yumşaq buğda sortlarından çörək, bulka şirniyyatda, bərk buğda unundan isə makaron istehsalında istifadə edilir.Azərbaycan hökümətinin kənd təsərrüfatının inkişaf etdirilməsi ilə əlaqədar verdiyi iki fərmanı nəzərə salaq:
- Birinci fərman Respublikada taxılçılığın və pambıqçılığın inkişaf etdirməsi üçün 6 iyun 1950-ci ildə Azərbaycan Nazirlər Soveti Mərkəzi Komitəsi tərəfindən verilmişdir. Bu fərmana əsasən Azərbaycan Elmi-Tədqiqat Əkinçilik İnstitutu yaradıldı.
- Ikinci fərman isə 8 mart 1956-cı ildə kənd təsərrüfatı ET müəssisəsinin işinin yaxşılaşdırılması ilə əlaqədar verilmişdir. Bu fərmana əsasən Azərbaycan ETƏİ EA nəzdindəki Əİ ilə birləşdirildi.
Əkinçilik İnstitutunda taxıl və paxlalı bitkilərin, tütünün 70 sortu yaradılmışdır. Yaradılan bərk buğda, noxud, tütün növlərinin bəziləri öz keyfiyyətinə görə hətta dünya standarlarından da üstündür. Bu sortlar 9 beynalxalq, 11 ümumittifaq, 19 respublika sərgilərində qızıl və gümüş medal almışdır.
Dünya alimləri qeyd edirdilərki, buğdanın potensial məhsuldarlığı 80-100 sentnerdir. Azərbaycanda 50-60 sentner məhsul vermə qabiliyyətinə malik olan sortlar mövcuddur. 2001-ci ildən başlayaraq azərbaycanda taxıl istehsalı yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Ölkə tarixində ilk dəfə olaraq taxıl istehsalı iki milyon tona yüksəlmişdir. Bu göstərici XXI əsrin ən yüksək nəaliyyətlərindən hesab etmək olar.
Karbəri
Arxeoloji materiallardan məlum olur ki, qədim insanlar çörək bişirmək üçün daş ocaqlardan geniş istifadə etmişlər. Daş ocaqlar iki formada olur. Birincisi 2-3 daşı yanaşı qoyub onun üzərində ocaq qalayırlar. Sonra isə odu təmizləyib qızmış daşın üstünə kündəni yapırlar. Kündəni çevirməklə çörək bişir. Daş ocağın ikinci forması isə karbəri adlanır. Bu çörəkbişirmə vasitəsindən dörd tərəfi böyük ölçülü yastı daşlardan ocaq düzəltməklə istifadə edilirdi. Döşəməsi torpaqdan olan karbəri bir növ evciyə bənzəyirdi. Daşların torpağa qoyulan tərəfi azca qazılmış yerə basdırılaraq bir birinə söykənilmiş halda düzəldirdilər. Qədim dövrdə meydana gəlmiş Karbəridən XIX əsr və XX əsrin əvvəlinə qədər istifadə edilib. Karbərinin harada və necə meydana gəlməsi barədə məlumat yoxdu.
Küp qəbir
Misirdə e.ə. IV-III minilliklərdə, Kiçik asiyada e.ə. III-II minilliklərdə, Qafqazda, o cümlədən Dağıstanda, Azərbaycanda, Gürcüstanda e.ə. I minilliyin ortalarında yayılmış qəbir formalarından biridir. Küpdə dəfn etmə adəti Azərbaycanda VII-VIII əsrlərə kimi davam etmişdir. Küp qəbirləri mədəniyyəti Kür və Araz çayları hövzəsində geniş yayılmışdır. Küp qəbir mədəniyyəti üçün əsasən qırmızı və ya boz rəngli iri küplərdə dəfn adəti xarakterikdir. Azərbaycanda küp qəbir mədəniyyətinə aid qəbirstanlıqlar Mingəçevir, Mil-Qarabağ, Şirvan, Naxçıvan və s. ərazilərdə aşkar edilmişdir. Ölülər bükülü vəziyyətdə sağ və ya sol böyrü üstdə, əsasən üfuqi şəkildə dəfn olunurdular. Qəbirlərdə müxtəlif saxsı qablar, bəzək əşyaları, silahlar, əmək alətləri və s. aşkar edilmişdir. Küp qəbirləri mədəniyyətinə mənsub əhali əkinçilik, maldarlıq, ovçuluq, balıqçılıq, sənətkarlıq və ticarətlə məşğul olmuşdurlar.
Qazma daxma
Ev- insanların rahatlığının, istirahətinin, təsərrüfatın və həyatı tələblərini təmin edən bir abidədir. Azərbaycan ərazisində yaşayış evləri öz müxtəlifliyi ilə seçilir. Xalq yaşayış evi tiplərinin yaranmasında ərazinin təbii-coğrafi şəraiti, əhalinin təsərrüfat məşğuliyyəti, inşaat materialları, tikinti texnikası, ictimai həyat və ailə məişəti böyük rol oynamışdır. Buna görə də xalq yaşayış evləri müxtəlif tipdə olmuşdur, təbii mağaralardan (zağa, kaha, sığnaq, kühül) müasir yaşayış evlərinə kimi uzun bir tarixi təkamül prosesi keçmişdir. Azərbaycan xalq yaşayış evlərini əhalinin həyat tərzinə görə: oturaq əhaliyə məxsus daimi evlər, elatlara məxsus müvəqqəti evlər; inşaat texnikası və tikinti materiallarına görə: möhrə-kərpic evlər, qargı evlər, daş evlər, ağac evlər; dam örtüyünün formasına görə: piramidal-pilləli dam örtüklü evlər, yastı dam örtüklü evlər, balıqbeli dam örtüklü evlər, çatmadan örtüklü evlər; evlərin hündürlük baxımından: batıq və ya qazma-qabartma evlər, yerüstü evlər; plan quruluşuna görə kəllayı, qoşa kəllayı, cərgəvi və dairəvi-oval qruplara bölmək olar. Evlərin tikilməsində əhalinin istifadə etdiyi ənənəvi inşaat materialları daş, ağac, gil, kərpic, gəc, əhəng, kirəmit, qır, qarğı, qamış, çubuq, keçə və s. ibarət olmuşdur. XX əsrin əvvəllərinə qədər Azərbaycan kəndlərinin iqtisadi vəziyyətinin ağırlığı, mədəni səviyyəsinin aşağı olması bir sıra arxaiq ev tiplərinin son zamanlara qədər qalmasına imkan yaratmışdır.
Kiçik Qafqaz, Gəncəbasar və Qərb bölgələrində adlandırdıqları kimi qazma, yarımqazma və yaxud pəyə yaşayış evləri üstünlük təşkil edirdi. Ağcəbədi rayonunun Salmanbəyli kənd ərazisində aparılmış arxeoloji qazıntılar zamanı e.ə X-VIII əsrlərə aid bir neçə qazma evlər aşkar edilmişdir. Planda düzbucaqlı olan bu tip evlər onun sahibinin maddi vəziyyətindən asılı olaraq müxtəlif ölçülərdə tikilirdi. Dağlıq ərazilərində son zamanlara qədər qalmaqda olan qazma (pəyə) tipli evlərin inşa qaydası asan olduğundan onları hər kəs tikə bilirdi. Bunun üçün yamacın gündöyən səmtində kalafa qazılırdı. Kalafanın arxa və iki yan divarlıarı yamacın dik çapılmış torpaq divarından, açıq qalmış qabaq tərəfi ilə daş hörgüdən olur və burada giriş yolu qoyulurdu. Düzənlik yerlərdə inşa edilən belə qazmalarda divarların dördüdə torpaqdan olurdu. Kalafa qazılıb başa çatdıqdan sonra qazmanın (pəyənin) daş örtüyü qurulurdu. Bunun üçün evin uzunu boyunca bir-birindən 1.5-1.7 m aralı dirəklər basdırılır. Üzərinə yoğun tir (kərən) atdıqdan sonra kalafa divarlarının üstünə “hərmə” (pasna) adlanan yastı ağaclar uzadılır. Hərmənin qoyulması dam örtüyünün ağırlığı altında torpaq divarın uçulub-tökülməsinin qarşısını alırdı. Bir ucu hərmənin üzərinə qoyulan pərdələr vasitəsi ilə dam çardağı qurulur, üstünə carcı, avar döşədikdən sonra kalafanın içərisindəki torpaq dam örtüyünün üstünə atılıb möhkəm tapdalanırdı. Qazmaların içərisində ocaq, divar boyunca taxt olurdu, iç divarları bəzən ağac, daş və s. ilə bərkidilirdi. Tədricən inşaat materiallarının zənginləşdirilməsi nəticəsində qazma (pəyə) tipli yaşayış evləri yeni variantlarda inşa edilirdi. Beləki, dik çapılmış divarın qarşısında hərmə (pota) dirəkləri basdırılır, hərmə ağacları həmin dirəklərin üstünə qoyulurdu. Belə olduqda qazmanın davamlılığı artır, torpaq divara dam örtüyünün təzyiqi azalırdı. Digər formada isə divar boyu basdırılmış hərmə dirəklərinin arası çubuq və ya qarğı ilə hörülür, üzəri suvanırdı. Sonralar onu daş hörgüsü əvəz etmışdir. Sonralar ayrımlara məxsus pəyəbaşı qazma tipli yaşayış evi meydana cıxmışdı. Burada ümumi bir tavan altında həm yaşayış evi, həmdə mal-qara yerləşirdi. Yaşayış üçün nəzərdə tutulan otaqlar (“olacaq”) mal-qara saxlanılan yerdən (“pəyə”) bir-iki pillə (20-30 sm) hündürdə tikilirdi. Dünyanın bir çox xalqı qazmadan istifadə etmişdir. Şimali Amerika hindliləri və eskimolar indidə qazmadan ev kimi istifadə edirlər.
Kəndlinin daxması 2-ci otaq
Xalça–palaz məmulatlarının bütün növləri eyni dəzgahda hanada toxunur. Hana ağacdan düzəldilir. Toxuma prosesində lazım olan əl alətlərindən-həvə, kirkit, bıçaq, qayçı və s. istifadə olunur. Bu eksponatımız isə cəhrə və yun daraqlardır. Cəhrə yun, pambıq və s. əyirən alətdir. Toxuculuğun inkişafı ilə əlaqədar yaranmışdır. Yunu daraqla darayıb cəhrə ilə sap əyirirdilər. Əyrilmiş sapları rəngləyib xalça, palaz, xurcun və şal toxuyardılar. Daxmanın interyerini müxtəlif ölçüdə olan sandıqlarbəzəyir. Adətən sandıqlarda geyim əşyaları, yeyinti məhsulları saxlanılırdı. Sandıq-icərisinə paltar və başqa əşya qoymaq üçün taxtadan düzəldilən, üzəri dəmirlə işlənmiş, açarla açılıb-bağlanan, qapaqli, iri uzunsov qutudur. Kecmişdə üstünə yorğan döşək yığılırdı. Otaqda məişətdə istifadə olunan xurcunlar, duz çantası, saxsı küp, mis su qabları, mis qazan,misdən bardaq, taxtadan qənd doğramaq üçün qab, taxta qaşıqlar, halva çalan kürək, çörək taxtası və s. nümayiş olunur. Daxmanın tavanından otağı işıqlandırmaq üçün mis qara çıraq asılıb. Əhali piy, mazut və qara neftlə işləyən qara çıraqlardan istifadə edərdi. Onlar şüşədən, misdən, saxsıdan və hənəkədən düzəldilirdi. Evin bir hissəsinin kənarından tövləyə giriş üçün qapı qoyulardı. Mal-qaraya tez-tez baş çəkdikləri üçün tövlənin qapısı daxmanın içinə açardılar.
Kəndlinin daxması 1-ci otaq
Eskpozisiyanın növbəti zalında XVIII-XIX əsrləri əks etdirən daxma tərtib edilmişdir. Daxmanın qapısı həmin dövrün bütün evləri üçün xarakterik idi. Qapının üzərində böyük və kiçik taqqılbab vardır. Böyük taqqilbab kişilər, kiçik taqqılbab (zəndulbab) isə qadınlar üçün nəzərdə tutulmuşdur. Taqqılbabın səsinə görə evə gələn qonağın qadın və ya kişi olduğu təhmin edilirdi. Beləliklə, qonağı qarşılamağa ev sahibi və yaxud xanımı çıxardı. Daxmanın divarı gildən və qamışdan hazırlanmış, üstü qamışla örtülürdü. Döşəməsinə qamışdan hazırlanmış həsirlər sərilirdi. Daxmanın girəcəyində əl-üz yumaq üçün aftafa-ləyən qoyulurdu. Ağac dirəklərdən gündəlik istifadə etmək üçün nəzərdə tutulan tütün kisələri, daraq qabı, möhür qabı, pul kisələri asılardı. Divarı bəzəmək üçün xalça-palazdan istifadə edilirdi. Qubanın Ağgül xalçası çox qədim bir xalçadır. Milli ornament naxışlarla işlənmişdir. Asılmış xəncərin ən qədim nümunələri heyvan buynuzu, çaxmaq daşından, sonralar isə mis, tunc, dəmir və poladdan düzəldilirdi. Bəzi şərq, xüsusən Qafqaz xalqlarında ənənəvi geyim kompleksini tamamlayan yaraq sayılırdı. qında gəzdirilirdi. Həfif bəzədilmiş xəncərləri otağı bəzəmək üçün divardan asardılar. Qədim canamaz nümunəsidir, üzərində möhür qabı asılıb. Kəndlinin oturub istirahət etdiyini və evin xanımının xəmirdən kündə tutub yuxa yaydığını görürük. Kündənin kəsilməsi üçün dəmir ərşindən istifadə edilir. Xəmirin kündələnməsi dördayağın üzərində aparılır. Ağacdan hazırlanan oxlov kündəni dördayağın üzərində yayıb formaya salmaq üçün işlədilir. Ələk unun ələnməsində işlədilən əsas alətdir. Kirkirədən yarma çəkmək, dən üyütmək və qisməndə daş duzu əzib narın hala salmaq üçün istifadə edilirdi. Adətən kirkirədən qadınlar istifadə edirdilər. Keçmişdə ət döymək üçün taxta toxmaq və yastı daşlardan geniş istifadə olunardı. Üzərinə müxtəlif mətbəx avandanlığı yığılmış rəflər adətən divara yerləşdirilmiş formada olurdu. Bəzən evin bütün divarları boyu düzələn rəflərə də təsadüf olunmuşdu. Rəflərə misdən, taxtadan, saxsıdan hazırlanmış məişət əşyaları düzülüb: həvəngdəstə, qənd doğrayan, mis kasalar,durna çirağı və s. Xovsuz xalça məmulatı məfrəşlər sandıq təyinatlı olub xalqımızın köçəri həyat tərzinin bir nümunəsidir. Xalça –palaz, yorğan –döşək, pal-paltar, məişət əşyaları məfrəşlərə yığılmalı idi həm yüngül həmdə gözəl.
Qədim kənd təsərrüfatı alətləri
Azərbaycan əlverişli təbii-coğrafi şərairtə malik ölkədir. Hələ ta qədimdən burada əkib becərmək üçün şərait mövcud olmuşdur. Azərbaycanın qədim əkinçilik ölkələrdən olmasını təsdiq edən amillərdən biri onun zəngin və müxtəlif əkinçilik əmək alətlərinin mövcudluğudur. Tarixən əkinçilikdə əsas xış, qara kotan, vəllər, bel, çin, oraq və s. kimi sadə alətlərdən geniş istifadə edilmişdir.
Bildiyimiz kimi torpağın şumlanmasında qoşqu qüvvəsi ilə istifadə olan bir sıra şum alətləri mövcud olmuşdur. Azərbaycanda bir-birini tamamlayan xışlar və qara kotan kimi şum alətləri daha geniş yayılmışdır. Xışlar torpağı üzdən şumlayır və onu az çevirir. Xış önsüz və laydırsız olur. Gavahın simmetrikdir. Kotanlar isə önlü və bir tərəfi laydırlı olur, torpağı daha dərin şumlayır və laylayır. Xış ağacdan düzəldilən ən qədim şum alətidir. Sadə qurluşlu xış torpağı cızmaq üçün qolu olan təbii ağacdan düzəldilirdi. Sonrakı dövrlərdə isə bir neçə ağac hissədən düzəldilmişdir. Həmin alət daha meşədən hazır halda tapılmır, onu yerli ustalar düzəldirdi. İstər bütöv,istərsə də geydirmə kötüklü xışlar bir cüt qoşqu heyvanı ilə işlədilmişdir. Xışların hamısında gavahın olmuşdur. Gavahınlar da iri və ya kiçik, ucunun oval və yaxud iti olması ilə fərqlənirdi. Taxılın döyülməsində geniş işlədilən ən mühüm alət ağac vəllər və qismən də carcarlar olmuşdur. Azərbaycanda hələ eramızdan əvvəl II minilliyin sonlarına aid ağac vəl Göy-Göl rayonu ərazisində aşkar edilmişdir. Bu döyüm aləti əsrlər boyu öz quruluş və fuinksiyasını olduğu kimi saxlamışdır. Vəllər, XIX əsr və XX əsrin əvvəllarindədə demək olar ki, əsas döyüm aləti olaraq qalırdı. Vəl daha davamlı olan ağac növündən hazırlanırdı. Vəlin böyük və kiçik, ağır və yüngül olması taxılın növü və iqlim şəraiti ilədə bağlıdır. Düzənlik ərazidə taxılın daha quru olması ilə əlaqədar vəllər yüngül və kiçik həcmli olurdu. Ağac vəllər tay və qoşa olurdu. Tay qoşa vəllərə nisbətən sadə, ağır və iri idi. Ağac vəlin döyüm prosesini sürətləndirmək üçün onun alt- işlək hissəsindəki gözlərə xırda daş və daş parçaları pərçimlənir. Vələ bir at və ya boyun öküz qoşulardı. Qoşa vəllər döyüm prossesində daha çox istifadə edilərdi.
Alaçıq
Azərbaycanın xalq yaşayış evi fondundan maldar elatlarının istifadəsində olan alaçıqlara üstünlük verilirdi. Bildiyimiz kimi maldar əhali ilin 3-4 ayını yaylaqlarda kecirirlər. Onların orada məskunlaşması üçün belə asan quruluşa malik olan alaciqlardan istifadə olunur. Bu müvəqqəti yaşayış evini tikmək üçün müəyyən edilmiş yerə ağac mıxca çalıb, ucuna ip bağlayırdılar. İpi mıxçanın dövrəsi boyunca fırladaraq alaçağın dövrəsini müəyyən edirdilər. Dairənin mərkəzinə 3-5 m hündürlüyündə “sunaça” basdırıldı. Sunacanın başına 30-a qədər deşik açılmış çarpaz şəkilli dünnük keçirilidi. Torpağa basdırılmış alaçıq çubuqlarının nazik ucları bu deşiklərə keçirilirdi. Bundan sonra düyməyə bağlanmış ipi, çubuqlar qövsvari görkəm alana kimi aşağıya doğru tarım çəkilir və basdırılmış mıxça bağlayırdılar. Bu qayda ilə gövdə hazır olurdu. Sonra onun ətrafına çətən (çığ) çəkib həmin gövdənin üzərinə qəlib (keçə) salırdılar. Sunacaların ətrafında çoxlu təbii çıxıntılar olurduki, oraya paltar, silah, xəncər, ov avadanlığı və s. şeylər asılırdı. Alaçıq içərisində “nəmi” deyilən yer düzəldilirdi. Burada heyvandarlıq məhsulları və ərzaq saxlanılırdı.ev müxəlləfatı (barxana, məfrəş və s.) künclərin birində daş ayaqaltı üzərinə taxta qoyulmaqla qurulan yük yerinə yığılırdı. Türk və Monqol xalqlarında genış yayılmışdır. Hazırda çobanlar yaylağa gedəndə alaçıqdan istifadə edirdilər.
İpək yolu xəritəsi
İpək Yolunun təşkilatçısı Çin dövlətidir. Bu yol e.ə. II əsrdən başlayaraq XVI əsrə kimi fəaliiyət göstərmişdir. Şərqdən qərbə təkcə ipək deyil eyni zamanda kənd təsərrüfatı malları, sənaye, yeyinti məhsulları da daşınırdı. Bu ipək yolu vasitəsilə o dövrki, dövlət başcılarının diplomatik əlaqələri yaranmış və inkişaf etmişdir.
Qədim İpək yolu 34-dən çox dövlətin ərazisindən kecərək onları birləşdirirdi. Bu yol Çindən başlayaraq (kohnə Xuan, Lançao), Monqolustanın (Hami, Anxi, Ruca), Əfqanistanın (Kojgar), Özbəkistanın(Daşkənd, Səmərqənd, Buxara), Türkmənistanın (Aşqabad), İranın (Tehran), Azərbaycanın (Təbriz), Türkiyənin (Ankara, Çanaqqala) şəhərlərindən keçib qərbə doğru uzanırdı. Şərqlə Qərb arasında tiçarət yolları ayrıcında yerləşmiş Azərbaycandan İrana, Orta Asiyaya, Hindistana, Çinə uzanan karvan yolu Azərbaycanın iqtisadi və mədəni inkişafında əhəmiyyətli rol oynamışdır. Tarixi mənbələrdə Böyük İpək yolunun bir qolu Ekbatandan ayrılıb Albaniya ərazisinə keçdiyi, Qəbələ, Bərdə və Naxçıvan torpaqlarını dolanaraq yenidən Bağdada -əsas yola qoşulduğu göstərilir. Buna görə də tacirlər tərəfindən bu yolla Azərbaycanın kənd təsərrüfatı malları, ipəyi, ətriyyatı, ədviyyat məhsulları, Azərbaycan ustaları tərəfindən düzəldilmiş zərgərlik, saxsı, mis, tunc məmulatları, daş, taxta üzərində oyulmuş sənət əsərləri və müxtəlif növlü toxuculuq nümunələri dünya ölkələrinə aparılırdı. Öz növbəsində də həmin ölkələrdən buraya müxtəlif əmtəələr gətirilirdi. Bu baxımdan tacirlərin və səyyahların rahatlığını təmin etmək üçün karvansaralar salınırdı ( Bakı, Dərbənd, Şamaxı, Şirvan bölgələri).V əsrdə Bərdə şəhəri Azərbaycanın paytaxtı olaraq İpək Yolunun üzərində böyük ticarət mərkəzinə cevrilmişdir. X əsrə gədər Transqafqaz regionunda və Yaxın Şərqdə sənətkarlıq mərkəzi sayılırdı.İpək Yolu Dərbənddə, Şirvanda, Şəkidə, Beyləqanda, Gəncədə, Qəbələdə, Təbrizdə, Naxçıvanda ipəkçiliyin inkişafına güclü təkan vermiş və məşhurlaşmasına səbəb olmuşdur.Böyük İpək yolu və çöllərinin keçdiyi Azərbaycan şəhərləri arasında Naxçıvan, Ordubad, Azad, Culfa və Qarabağlar şəhərinin özünə məxsus yeri vardır..
Yaxın Şərqin orta əsr şəhərində olduğu kimi, bu şəhərlərdə də sənətkarlıq və ticarət başqa təsərrüfat sahələri ilə inkişaf edirdi. Naxçıvanda istehsal olunan kənd təsərrüfatı məhsulları və sənətkarları tərəfindən hazırlanan müxtəlif növ əşyaların müəyyən qismi şəhər əhalisinin istehsalına sərf olunurdusa, bir hissəsidə bazara çıxarılırdı. Naxçıvandan ölkənin digər şəhərlərinə və başqa yerlərə duz, pambıq, taxıl quru, meyvə və s. aparılırdı. Hazırlanmış müxtəlif məmulatlar, zərif parçalar, zinyət əşyaları ağacdan hazırlanmış incə naxışlı qablar, saxsı əşyalar xarıcı bazara çıxarılırdı.
Böyük İpək yolunun düyün nöqtəsində yerləşən Azərbaycan ərazisi hər zaman diqqət mərkəzində olmuş və dünyanın bir çox ölkələri, o, cümlədən uzaq qərb dövlətləri ilə geniş əlaqələr qurmuşlar. Bu ticarət yolu ilə avropalıların ən çox alıb apardığı Azərbaycan və İran ipəyi idi. Avropaya aparılan yüksək keyfiyyətli xam ipəyin əsas alıçıları isə İtaliya tacirləri, xüsusilə venesiyalılar idi. Qərbi Avropanın bütün saraylarının ipək parca ilə təmin edilməsində karvan yolları ilə Azərbaycandan və Şərq ölkələrindən gətirilən xam ipək başlıca rol oynayırdı. Məhz bu yolla N. Gəncəvinin, Məhəmməd Füzulinin, məşhur loğman İbn Sinanın, özbək şairi Əlişir Nəvainin, Biruninin və başqa dahilərin əsərləri dunya işığına cıxarılmış və insan zəkasının mənəvi qidasına cevrilmişdir. Lakin 1492-ci ildə Amerika qitəsinin kəşfindən sonra bu yolun əhəmiyyəti xeyli azalmışdır. Bu da Çin və ona yaxın ərazilərdən gətirilən malların Amerikada olması ilə əlaqədardır. XV əsrin sonunda Hindistana və Amerikaya dəniz yolunun kəşfi ilə öz əhəmiyyətini itirməyə başlayan Böyük İpək Yolu XVI əsrdə tamamilə süquta uğramışdır. 2000-ci il ərzində Qərblə Şərqi birləşdirən Böyük İpək Yolu öz tarixi əhəmiyyətini yenidən bərpa etməklə 1000 il bundan əvvəl olduğu kimi müxtəlif mədəniyyətlər və sivilizasiyalar arasında körpü yaratmaq imkanına malikdir.
Qoy bu yolla məsləhətli, əqidəli, mömin insanlar Məkkə, Mədinə, Kərbəla ziyarətinə getsinlər. Məşhəddə İmam Rzanı ziyarət etsinlər.Heç bir zaman İpək yolu ilə günahsız insanları məhv edən, körpələri sahibsiz qoyan, bəşəriyyətin əsirlərdən bəri qoruyub saxladığı əvəzsiz mənəvi dəyərləri yerlə yeksan edən odlu silahlar, mərmilər, toplar, tanklar daşınmasın. Qoy bu yolla hərəkət edən dünyanın min bir gözəlliyinin əleyhinə olan insanlar özləridə gözəlləşsinlər, ülviləşsinlər, ipək kimi həlim olsunlar.
Qobustan
“Qobustan”-Azərbaycanın ən qədim yaşayış məskənlərdən biridir. Bakının 55 km cənubunda yerləşən alçaq dağlıq sahədir. Qobustan “ Qobular ” olan yer deməkdir. “Qobu” sözü türk mənşəli söz olub, qurumuş geniş çay vadisi deməkdir.
Qafqazda ən böyük palçıq vulkanı məhz Qobustandadır. Qobustanı dünyaya tanıdan onun qədim` qayaüstü təsvirləridir. Qobustanda qayaüstü təsvirlərin yaranma tarixi 15 min il bundan əvvəl, paleolit dövründən başlayıb orta əsrlərə, islamın yayıldığı dövrə qədər davam etmişdir. Qobustan qayaüstü təsvirlərini 1939-cu ildə azərbaycanlı arxeoloq İshaq Cəfərzadə aşkarlamışdır. Burada 20 mağara və yaşayış yeri , 40-a yaxin kurqan qeydə alınmışdır. Qobustanın qədim qayaüstü təsvirləri kolleksiyasına Böyükdaş, Kiçikdaş, Çınqırdağ, Yazılıtəpə, Şonqar, Şıxqaya kimi nəhəng abidələr aid edilir ki, bu təsvirlərin sayı da 6000- dən çoxdur. Bu qayaüstü rəsmlərdə insan təsvirləri (qadın və kişi), heyvan təsvirləri (iribuynuzlu öküz, at, quş, balıq, ilan, kərtənkələ, əqrəb, maral və s.) əks olunmuşdur. Eyni zamanda qaya rəsmlərində çoxlu sayda balıq, balıq toru, araba təkəri, latın və ərəb qrafikası ilə yazı qalıqları vardır. 1981-ci ilin yayında dünya şöhrətli Norvecli səyyah , alim Tur Heyerdal Qobustanı gəzərkən qayaüstü təsvirlərini, əsasən də qayıq təsvirini Skandinaviyadakı qədim saqalara oxşatmış və güman etmişdir ki, Azərbaycanın qədim əhalisi Skandinaviyaya miqrasiya olunmuş və eyni ilə qayıq təsvirlərini oradakı saqalarda əks etdirmişlər. Qobustanın Anazağa, Çardağzağa, Feruz düşərgəsi, Böyükdaş qədim yaşayış yerlərində ilk maddi mədəniyyət qalıqları aşkar edilmişdir.
Bu yaşayış abidələrində əhalinin oturaq, əkinçilik, maldarlıqla məşğul olduqlarına dair 150 mindən çox qiymətli tapıntılar aşkara çıxarılmışdır.2007-ci ildə Qobustana YUNESCO-nun “Dunya irsi sahəsi” statusu verilmişdir