• Azeri
  • Russian
  • English (UK)
  • Super User

    Super User

    Bazar, 13 Mart 2022 18:39

    Azərbaycanın milli geyimləri

    Azərbaycan geyim mədəniyyətinin formalaşmasında xalqın mənəvi-əxlaqi, psixoloji-ideoloji baxışları, dünyagörüşü, mədəni həyatı böyük rol oynamışdı. Geyimlər haqqında aparılan tədqiqatlar sübut edir ki, e.ə. I minillikdə Azərbaycan əhalisi yun və kətandan toxunma köynək və şalvar geymiş, dəri bürüncəklərdən istifadə etmiş, keçə və yun papaq gəzdirmiş, ayaqlarına isə ucları yuxarı qatlanmış dəri ayaqqabılar geymişlər. Paltar hazırlamaq üçün başlıca xammal yun, dəri, çox ehtimalki, həmdə keçə olmuşdur.XIV-XV əsrlərdə Azərbaycan xalq geyim fondunda geyimlər gündəlik və mərasim (toy, bayram, qonaqlıq, yaş və s.) geyimlərinə ayrılmışdır.Bu ənənəvi geyimlər XX əsrə kimi özünün rəng əlvanlığı, biçim tərzi və tikiş üslubunun mürəkkəbliyi, eləcədə tip və formalarının müxtəlifliyi ilə seçilirdi.

               Azərbaycanlıların qadın geyimləri həmdə gündəlik və boğçalıq (bayramlıq) geyimlər olmaqla da iki dəstə hazırlanmışdır. Boğçalıq paltarlar hər bir qadının “baş libası” hesab olunar. Ilk dəfə toyuna geyilər, sonralar isə əlamətdar günlərdə, bayramlarda, el şənliklərində istifadə olunardı. Bundan fərqli olaraq, gündəlik geyimlər, ailə-məişət tərzindən, təsərrüfat məşğuliyyətindən asılı olaraq dəstlənirdi. Qadın üst geyim tipinə üst köynək və üst tuman aiddir. İqtisadi imkandan asılı olaraq qadın üst tuman və üst köynəyi  qanovuz, zərxara, alxara, məxmər, atlas və s. kimi bahalı parçalardan  eləcə də çit, tastik, sətin, müxtəlif rənglərə boyanmış midqalı ağ, şal və s. kimi ucuz parçalardan tikilirdi. Yaş fərqindən asılı olaraq qocaların tumanı qara, yaşıl, göy, palıdı və s. parçadan, qız-gəlin tumanı isə daha gözəgəlimli rəngli-güllü parçalardan hazırlanırdı. Qadın üst köynəyi kəsmə və tuniki biçim üsulunda  tikilərək, qollarının ağzı bilərzikli və yelpazəli olurdu. Bele köynəklərin ətəyi, tumanın üstündən salınırdı.Qadın üst tumanı xışdəksiz  tikilməklə  büzməli və qırçınlı olurdu.Istər gündəlik istərsə də boğçılıq geyim dəstinin tərkib hissəsi kimi döşlük, önlük, zivin, çəpkən, nimtənə, lavada, çərkəzi, kürdü, küləcə və s. geyim dəstini tamamlayırdı. Toy libaslarının tərkib hissəsi olan döşlük, önlüklər və başqalarının bahalı parçadan tikilir, ətək yanlarına başqa rəngdə parçadan qırçın–köbə qoyulurdu. Imkanlılar qırçınların üstünə qızıl-gümüş qozalar və düymələr düzürdülər.Baş geyimlərinə nəzər salsaq qadın baş geyimləri geymə (qoyma) və bağlama (örtmə) olmaqla iki qrupa bölünürdü. Birinci qrup baş geyimlərinə təsək, çutqu, araqçın, dingə, bağlama qrupuna isə ləçəklər, çalmalar, kəlağıyılar, şallar, örpəklər, çadra, çarşab, duvaq və s. aid idi. Kəlağayı örtmə baş geyimi daha geniş şəkildə istifadə edilirdi. Burada yaşa və zövqə uyğun olaraq qırmızı, qara, ağ, palıdı yerli, yeləkli kəlağayılar  varlı qadınların gündəlik geyim dəstinə, yoxsulların isə bayramlıq paltarları içərisində əsas yer tuturdu. Adətən başa bağlamaq üçün onu diaqonal boyunca qıyqac edir, uclarından birini sinə  üstünə sərbəst buraxıb, digər ucunu sərbəst qalan qanadın üstündən kürəyə atırdılar. Kürəyə atılan qanadından yaşmaq kimi də istifadə edilirdi. XIX yüzillikdə qadın geyim dəstində çadra (çarşab) mühüm yer tuturdu. Evdən çıxarkən geyilən çadra bədəni topuğa qədər bürüyürdü.Muğan qadınları məxmər və tirmədən tikilmiş, alçaq, girdə araqçın geyərdilər. Naxçıvanda “Aygün”, “Ulduz”, “Buta”, və s. bəzəklər salınmış araqçınlara üstünlük verilirdi. Qadınlar araqçının üstündən “Bağdadi kəlağayı” salardılar.XIX-XX əsrin əvvəllarində Azərbaycan qadınlarının ənənəvi ayaq geyimləri corab, badış, çarıq, başmaq, şətəl, çust, nələyin, məst, lapçın, dabanlı uzunboğaz və yarımıboğaz çəkmə, kəlik və s. ibarət olmuşdur. Təsərrüfat işləri zamanı qadınlar corab üstündən çarıq geyərdilər. Ev şəraitində “məst”, “çust” şəhər qadınları isə daha çox nəleyin və kəlik geyməyə üstünlük verirdilər. Uc hissəsi yuxarı qatlanmış formada tikilən başmaqlar ayaqda gözəl görünsün deyə, əlvan saplarla, qızılı simlərlə tikilir, davam oturağına əlvan parçalardan “döşəmə” qoyulurdu. Pəncəsi məxmərdən tikildikdə üzərini güləbətin tikmə ilə bəzəyirdilər. XX yüzilliyin 20-30-cu illərindən başlayaraq fabrik istehsalı olan yerli, rus və Avropa libaslarını xalq məişətinə daxil olması geyim fondunu büsbütün yeniləmişdir.

        Kişi üst paltarlarına nəzər salsaq birinci qrupa şalvar, ikinci qrupa isə üst köynəyi, arxalıq, çuxa, kürk və s. daxil idi. Bu geyimlərdə gündəlik (iş paltarı) və boğçalıq (xeyir-şər paltarı) olmaqla iki dəstdən ibarət hazırlanırdı. Şalvarı yoxsullar yer hanasında toxunmuş “qılıcışal”dan, Şirvan şalından, satınalınma ləzgi şalından, yaşlılar isə mahuddan, məndulədən, yekrəng ipək parçadan tikdirirdilər. Maldarlıq və qisməndə əkinçiliklə məşğul olan kəndlilər şalvarın balağını corabın içinə salır və üstündən dolaq çəkirdilər. Tuniki və kəsmə üsulu ilə biçilən kişi üst köynəklərinin Azərbaycanda “duzyaxa”, “çərpyaxa” və “mindoylu köynək” formaları geniş yayılmışdı. Kişi üst köynəkləri  şilə, qədək, çit, fay, qanovuz, atlas, mabud, məxmər və s. parçalardan tikilirdi. Keçmişdə köynəyin üstündən arxalıq geyərdilər. Ətək quruluşuna görə büzməli olan arxalıqlar müxtəlif variantda biçilib tikilirdi. Arxalığın  üstündən qurşaq, qayış-kəmər, qızıl kəmər, gümüş təkbənd bağlayardılar. Toy paltarları göz oxşayan bahalı parçalardan tikilir və təzə olması ilə fərqlənirdi. Çuxa üst geyim növü kimi mühüm yer tuturdu. Çuxalar ətəyinin formasına görə “büzməli”, “çinli” və “büzməli-çinli”, qol yerinin formasına isə “qoltuqlu” və “qoltuqsuz” hazırlanmışdır. Naxçıvan və Qarabag bölgəsi üçün oyma yaxalı cuxalar, döş hissəsinə vəznə qoyulan və ətəyi qısa “vəznəli cuxa” lar (“çərkəzi çuxa”) xarakterik olmuşdur. Ənənəvi kişi geyim kompleksində papaq həmişə şərəf, qeyrət və namus simvoludur.  Papaqları dəri, keçə, parçadan hazırlayırdılar. Yerli qoyun dərisindən hazırlanmış papaqlar üstünlük təşkil edərdi. Bunlardan “buxara papaq”, “şiş papaq”, “şələ papaq”, “başlıq”, “fəş” və s. qeyd etmək olar. Kişi ayaq geyimlərinə çarıq, başmaq, dübəndi, qondara, çust, məst, corab, badış, patava və s. ibarət idi.Yüngül və ucuz başa gəlməsi, çöl təsərrüfat işləri zamanı çarığı gündəlik ayaq geyiminə çevirmişlər. Onu həm aşılanmış həmdə xam göndən tikirdilər. Çarıq ayağa geyildikdən sonra “çarıq bağı” ilə bağlanırdı. Şəhər əhalisinin geyim dəstində kişi başmağı “mərdanə başmaq” əsas yer tuturdu. Hündürdabanlı altına nal vurulmuş, aşılanmış gön materiallardan hazırlanırdı. XIX əsrin sonu XX əsrin əvəllərindən başlayaraq xalqın geyim dəstinə rus və avropa ayaq geyimlərinin tədricən daxil olması, həm kişi həmdə qadın ayaq geyimi olan qoloşun istehsalı yuxarıda sadalanan ayaq geyimlərini sıxışdırıb məişətdən çıxarmışdı.

    Bazar, 13 Mart 2022 18:38

    Atçılıq

    Azərbaycanda minilliklər boyu yerli əhalinin təsərrüfat məişətində mühüm rol oynayan at ən qiymətli xalq nəqliyyat vasitələrindən biri  kimi geniş yayılmışdır. Muğanda Əlikömək təpə qədim yaşayış yerindən tapılan at sümükləri göstərirki, hələ VI-VII min il bundan əvvəl Azərbaycanda əhliləşmiş iki at cinsi olmuşdur. Deməli  Azərbaycan atçılığın vətənlərindən olmuşdur. Boz dağların arasında qərar tutan Mingəçevirdə III minillik tarixi olan kürqanlardan onlarca at skeleti və onun ayrı- ayrı hissələri tapılmışdır. Həmin skeletlərin üzərində qiymətli əşyalar, tunc asmalar, düymələr, kəmərlər və başqa at ləvazimatı aşkar edilmişdir. Atın müqəddəs heyvan kimi baxan yerli əhali onun baş və ayağını bəzək ləvazimatı qəbirlərə qoymuşlar. Atçılıq Manna və Midiya dövlətləri ərazisində xüsusilə inkişaf etdirilmişdir. Mannada atçılığın geniş yayıldığını Assur mixi yazıları təsdiq edir. Antik dövr müəlliflərin əsərlərində Midiyanın Misey çölündə 160000 baş qiymətli at otarıldığı qeyd edilmişdir. Midiyada yetişdirilən yonca zəif atlara can və qüvvə verirdi. T.Bəhramiyyə görə qədim İranlılar Midiyanın ağ atını müqəddəs sayırdılar. XIX əsrin və XX əsrin əvvəllərində Azərbaycanda Qarabağ, Qazax, Şirvan və Quba atları daha məhşur idi. Qafqazda say etibarı ilə də ən çox at Qarabağdadır. Qarabağ atının tarixi hələlik qəti müəyyən edilməyib. Lakin bu ərazidə üç minillik tarixi olduğunun ehtimal etmək olar.Araşdırmalar nəticəsində Qarabağ atları öz mənbəyini ən qədim zamanlarda Azərbaycanda mövcüd olmuş Nisey atlardan götürülmüşdür. Nisey atlarından əsas iki qol ayrılmış: onlardan biri Türkmən xalqının yetişdirdiyi Axaltəkə atları digəri isə azərbaycan xalqına məxsus olan Qarabağ atları olmuşdur. Orta əsrlər boyu bəslənilib-yetişdirilən Qarabağ atı XVIII və XIX əsrlərdə daha genış ərazini bürümüş, cinsi xeyli yaxşilaşdırılmış və özünün xeyli inkişaf mərhələsinə çatmışdır.

            XIX əsrin 1-ci yarısında Qarabağda cins atları olan onlarla at zavodları olmuşdur. Qarabağ atlarının yerişi cəld, geniş və yaraşıqlıdı. Özünə məxsus yaraşıqlı bədən quruluşu vardır. XIX əsrin sonu XX əsrin əvvəlində keçirilən beynəlxalq və ümumrusiya at sərgi və müsabiqələrində Qarabağ atı yüksək qiymətləndirilmiş və mükafatlara layiq görülmüşdür. 1867-ci ildə Parisdə beynəlxalq sərgisində “Xan” adlı qızılı kəhər ayğır gümüş medala layiq görülmüşdü. 1869-cu il Moskva sərgisində “Meymun” gümüş medal və pul mükafatı, “Toxmaq” bürünc medal və “Sərbinaz” fərqlənmə diplomuna layiq görülmüşdü.1872-ci il sərgisində “Bayram” adlı ayğır 3-cü pul mükafatına layiq görülmüşdü. Lakin XX əsrdə Qarabağ cinsinin tarixində ən önəmli hadisə kimi “Qarabağ” at zavodunun yaradılmasının əvəzsiz rolu qeyd olunmalıdır. 1949-cu ildən Ağdam ərazisinin yaxınlığındakı Göytəpə adlanan yerdə (vaxtı ilə Xan zavodlarına məxsus idi) zavod uğurla fəaliyyətə başlayır. 1952-ci ildə 6 baş tipik Qarabağ atı seçilərək ümumittifaq kənd təsərrüfatı sərgisində iştirak etmək üçün Moskvaya göndərilir. 1956-cı ildə Sovet hakimiyyəti tərəfindən İngiltərə kraliçası II Yelzavetaya zavodda yetişdirilmiş Zaman adlı ayğırın hədiyyə edilməsi cinsin tarixində önəmli hadisələrdən hesab edilir. Həmin atı kraliçaya məhşur jokey Əli Tağıyev aparmışdır. Qarabağ atları bir çox xarici dövlətlərə o cümlədən Almaniyaya, Hollandiyaya, İsveçrəyə, İtalyaya, Fransaya və digər ölkərədə satılmışdır. Qərbi Azərbaycanda qədimdən geniş yayılmış at cinsi Qazax atıdı. Qazax at cinsinə “Dilboz“ və “Haçadil” də deyilirdi. Qazaxın Xanlıqlar kəndində olan tanınmış  Dilbozlar nəsli uzun müddət Qazax atının cinsləşməsinə qayğı göstərmiş və ona öz adını vermişdir.  Bu at davamlı, qoşquda əlverişli, minikdə yüngül və möhkəmdir. Qazax atları saatda 7-8 km qət edir. Bir gündə 60-70 km yol gedə bilir. Çox qədim zamanlardan atı yükləmək və qısməndə minmək üçün ona palanda vurulurdu. Palan yumuşaq keçedən düzəldilərək içərisi yunla doldurulurdu. Sonralar isə palanı yəhərlə əvəz edildi. Yəhərlərin bir neçə növü vardır: müsliman yəhəri, çərkəzi yəhəri və ingilis yəhəri. Minik atlarına çox vaxt “Ərəb yəhəri” deyilən yerli yəhər vurulurdu. Yəhərin hər iki tərəfindən üzəngi asılır. Üzənginin asması qayışdan ayaqları metaldan olur. At ləvazimatı içərisində yüyənin öz yeri var. Onlarla atı idarə etmək üçün istifadə edilir. Atın yüyəninə zınqrov asılır. Zınqırov yaraşıq üçün olmayıb həmdə atın hazır oynaq vəziyyətdə olmasın təmin edir. Atın nalsız minməsi qeyri mümkündür. Bu vəziyyətdə atın ayağı zədə alır və nəticədə xəstəliyi düçar olur. At xalqımızın sevib–bəslədiyi, ehtiram göstərib əzizlədiyi müqəddəs heyvan olmuşdur. Atın təzə doğulanı dayça, altı aylığına daylaq, üç illik erkəyinə üryə, dişisinə qulam, 4 yaş arasına At (erkəyinə), Madyan ( dişisinə) deyilir. Döllük ata ayğır deyilir. Atçılıq minilliklər boyu xalqımızın məişətində mühüm rol oynamış ən müqəddəs və etibarlı heyvan sayılmışdır. Xalqımız mərd igidin adını köhlənlə qoşa çəkibdir:  “ Yaxşı minən igid ümidini ata bağlar”, “At- igidin yaraşığıdır”, “At ölər meydan qalar, igid ölər ad-san” və s. deyiblər. Insanı cavan saxlayan, qürurlu  və ümidli edən at tarixi döyüşlərin səngər qalası, qələbə şöləsi, xalq oyunlarının gözəlliyi cıdırların yaraşığı olmuşdur. Qədim xalq oyunlarıdan olan “Çövkən” oyunu çevik, cəld , dözümlü, mərd igidlərin hazırlanmasında böyük rol oynamışdı. Bu oyunu ağacdan hazırlanan “Çövkən” adlı alətin adı ilə bağlıdır. Çövkənin qaydası üzrə altı oyunçu at belində bir-birlərinə rəqib iki dəstəyə ayrılaraq topu uznuluğu 120-130 cm ucu əyri çövkənlə  rəqib qapısından keçirməlidirlər. 2 saat davam edən oyun musiqi ilə müşayiət edilirdi. Bütün oyunçular milli geyimdə çıxış edirlər: papaq, arxalıq, gen şalvar, yüngül ayaqqabı. Dahi Nizami “Xosrov və Şirin” poemasında bu oyunnun təsvirinə geniş yer ayırmışdır.

    Bazar, 13 Mart 2022 18:36

    Dağ mənzərəsinin maketi

    Azərbaycanın meşələrinin sahəsi ümumi əraziyə görə az olsa da çox zəngindir. Burada 435 növ ağac və kol bitir.Respublika meçələrinin əksər sahələri Böyük Qafqazda, Kiçik Qafqazda və Talış dağ bölgəsində yerləşir. Meşənin çox hissəsi palıd, fıstıq, vələs, cökə, ağcaqayın və s. ağaclardan ibarətdir.

         Dəmirağac–Azərbaycanda bitən nadir ağaclar siyahısına daxildir. İstisevən ağacdır. Lənkəran, Astarada təbii halda bitir. Bu ağacın parçası odda yanmır, suda batır. Hündürlüyü 25 m-ə catan qollu-butaqlı ağacdır.  200 ilə qədər və daha artıq yaşayır Dəmirağacı bərk olduğundan telefon və elektrik dirəklərinin düzəldilməsində, körpülərin qurulmasında istifadə olunur.

       Şəlalə- Azərbaycan dağlıq ölkə olmasına baxmayaraq onun relyefi çox müxtəlifdir. Burada Azərbaycanın bir dağlıq ərazisinin maketini görürsünüz. Dağdan axan qrunt suları böyük çay yaradır. Çayın kənarında quşları, su heyvanlarını görə bilərsiniz. Çayın suyundan əkin sahələrini suvarmaq üçün istifadə edilir. Böyük Qafqaz sıra dağlarında çoxlu vəhşi heyvan yaşayır: dağ qocları, qartallar və s.

    Muzeyin ən maraqlı güşəsi respublikanın dağətəyi zonasında yerləşən  50-ci illəri əhatə edən kənd həyətinin quruluşundan bəhs edir. Kəndli həyətlərinin nisbətən az hissəsini tutan məişət-istehsal bölməsi  (Azərbaycanın bəzi kəndlərində buna “eşik”, “qapı-baca”, “çöl”, “qapı”, “məhlə” də deyilir), yaşayış evinin qarşısında yerləşir və arakəsmələrlə digər bölmələrdən ayrılır. İlin isti aylarında məişət-istehsal bölməsi daha çox “açıq mətbəx” rolunu aynayır. Ev məişətində bütün istehsal prosesləri (əyirmək, daramaq, boyamaq, keçə salmaq, süd məhsullarını emal etmək və s.) orada həyata keçirilirdi. Kölgəlik, sərinlik yaratmaq üçün məişət-istehsal bölməsinin üzərinə üzüm budaqları sarmaşdırılmış hündür çardaq düzəldilirdi, söyüd və qovaq ağacları əkilirdi.Biz buradatəndirxana və ocaqlıq hissəsini görürük. Təndirxana dörd dirəkdən qurulan çardaqdan ibarətdir. Təndirxananın yanları adətən açıq saxlanılır. Onu həyətin sakit, daldabir tərəfində inşa edirlər.Təndir – çörək bişirmək vasitəsini  gil, saman, qum və s. qatışığından  hazırlanmış palçıqdan düzəldirlər. Qədim zamanlarda təndirdən ev qızdırmaq, gil məmulatı bişirmək, meyvə qurutmaq, xörək bişirmək və s. üçündə istifadə edilirdi. Yeralrtı və yerüstü təndirin “döymə” adlı, “badlı”, “kərpic” növləri var. Yaxın Şərq və Orta Asiya, qafqaz xalqları arasında geniş yayılmışdır. Xalq arasında təndirdən indidə istifadə olunur. Bir tərəfi düz olan, yastığı xatırladan rəfətə vasitəsilə yuxa və lavaşı təndirə yapırlar. Rəfətənin arxa hissəsində əl keçirmək üçün yer saxlayıb kənarına köbə kimi ağac qoyub ona hörürlər. Üst hissəyə ot qoyub üstünə parça çəkirlər. Rəfətədən Naxçıvan, Lənkəran və Şirvan bölgələrində daha çox istifadə edilir. Maldar əhali arasında üst geyim növü olan yapıncıdan geniş istifadə olunurdu. Yapınci yağış və qar suyunu keçirməyən, insan orqanizmini  soyuqdan, küləkdən və bürküdən yaxşı qoruyardı. Köçəri həyat tərzi keçırən kəndli yapıncıdan həmçinin yorğan- döşək kimi də istifadə edirdi. əsasən çobanların istifadəsində olardı. 

            Tütün texniki bitkilərdən sayılır. Vətəni Amerikadır. Ölkədə bu bitki əsasən XVII-XVIII əsrlərdən etibarənki becərilməyə başlanmışdır. Böyük zəhmət və qayğı tələb edən tütün bitkisinin əkib becərilməsi, dərilib-qurudulması və başqa işlərin əli ilə görülürdü. Əsasən Şirvan və Cənub, Qazax və Şəki, Naxçıvan torpaqlarında tütün becərilirdi. Tütünçülükdə Amerika, Havana, Alban, Perqam türk növləri becərilirdi. Tütündə cəmi altı dəfə dərim aparılır. Hər bir dərimin də öz adı vardır. Dib yarpaq, dib üstü yarpaq, orta yarpaq, orta üstü yarpaq, baş altı yarpaq, baş yarpaq. Səbətlərə yığılmış  yarpaqlar qıyıq vasitəsilə iplərə düzülür və qurudulur. Qurudulan tütün bağlanıb öz rəngini alana qədər saxlanılır. Sonra taylara vurulmuş tütün bezə bükülür və emal edilməsi üçün təhvil verilirdi. Əldə edilən tütün məhsulu yerli bazarlarda  satılır, Yelizavetpoldakı tütün fabrikinə təhvil verilir. Qisməndə Gürcüstana və Rusiyyaya göndərilirdi. Tütünçülük əhalinin gəlir mənbələrindən birinə çevrilmişdir. Hal–hazırda tütün respublikanın  dağ və dağətəyi zonasında əkilir. Lakin yüksək keyfiyyətli tütünün istehsalçısı Zaqatala rayonudur. Ixrac olunan tütün əsasən İrana və Rusiyaya göndərilir. Bunlar isə XX əsrin ortalarında Azərbaycanda istehsal olunan tütün məhsullarıdır: Prima, Freedom, Brilliant, General, Şirvan, Kosmos, Bakı, Göygöl, Astara və siqaretlər.

             Həmçinin burada biz  məişətdə istifadə edilən duz çantası, qənd çantası, xurcunlar, səhənglər, asma tərəzi, mis qazanlar, neft sobası, kürə və s. təsərrüfat işlərində istifadə olunan əmək alətləri görə bilərik.

    Bazar, 13 Mart 2022 18:32

    İpəkçilik

         Ipəkçilik ən qədim kənd təsərrüfatı sahələrindən biridir. Ipəkçilik 5 min il bundan əvvəl Çinin Şandum yarımadasında inkişaf etmişdir. Ipək açılmasının öyrənilməsinə də bundan 2700 il əvvəl Çində başlamışdır. İpəkqurdu toxumu daha sonralar  Orta Asiyaya, ordanda İrana və Azərbaycana gətirilmişdir. Azərbaycanda  ipəkçiliyə V-VI əsrlərdə başlamış və sonrakı dövrlərdə ölkənin bütün bölgələrində yayılmışdır. Həmin dövrə aid Mingəçevirdən arxeloji qazıntılar zamanı zərif  toxunmuş parça qalıqları, ipək, yun və pambıq ipinin nümunələri tapılmışdır.1829-cu ildə Şəki şəhərində ipək zavodu inşa  edilmiş və 1830-cu ildən başlayaraq ipək parça istehsalı təşkil edilmişdir. Azərbaycanın başqa qəzalarında da barama istehsalı xeyli artmışdır. 1850-1861-ci illərdə yalnız Bakı quberniyasından Rusiyaya 106.946 pud xammal göndərilmişdi. 1871-ci ildə yalnız Nuxa və Şuşa  qəzalarında 135.800 pud, 1873-cü ildə 158.310 pud, 1874-cü ildə isə 159.604 pud barama istehsal edilmişdir.  Həmin illərdə   Azərbaycanda Yaponya, Xorasan, Buxara, Fransa və İtalya barama qurdu toxumundan istifadəyə başlamışdır. Yaponya ipəkqurdu növü daha geniş yayılmışdır. Həmin ipəkqurdu yaşıl, sarı və ağ rəngdə olurdu. Ən yaxşı cins isə yaşıl rəngli növ sayılırdı.Azərbaycan ipəyi 1850-ci ildə Peterburqda və 1852-ci ildə Moskvada təşkil edilmiş Ümumrusiya sərgilərində nümayiş etdirilmiş və həmin sərgilərdə qızıl medallara layiq görülmüşdür. 1862-ci ildə  Parisdə təşkil edilmiş ümumdünya sərgisinin eksponanti olmuşdur. 1887-ci ildən Tiflisdə “Qafqaz ipəkçilik stansiyası” açılmışdır. Iki ildən sonra bu stansiya Oğuzda (Nuxa qəzası), Lənbəranda (Şuşa qəzası) özünün şöbəsini açdı. 1898-ci ildə Göyçayda ipəkçilik sərgisi təşkil olunmuşdu. Sərgidə olan 82 eksponantdan 17-si mükafata layiq görülmüşdü. 1889-cu ildə Tiflisdə təşkil edilmiş birinci Qafqaz Kənd Təsərrüfatı sərgisində iştirak etmiş Azərbaycanın böyük maarifpərvər, təbiətşünas alimi Həsənbəy Zərdabi həyat yoldaşı Hənifə xanımla birlikdə yerli üsulla yetişdirdikləri barama növündən müxtəlif ipək parça və cecim nümayiş etdirmişlər və sərginin gümüş medalı ilə təltif olunmuşlar. Ötən əsrin 60-70-ci illərində Azərbaycanda ipəkçilik   yenidən inkifaf etmiş, ildə 7800 ton yaş barama məhsulu hasil edilmişdir.  1970-1980-cı illərdə ölkəmizdə o cümlədən Şəkidə ipəkçiliyin inkişafı xüsusilə vüsat almışdır. Həmin illərdə respublikada ildə 5-6 min ton yaş barama və ondan 350-400 xam ipək istehsal olunur. On milyonlarla kvadrat metr müxtəlif çeşidli ipək parça toxunurdu. İpəkçilik təsərrüfatı elmi əsaslar üzrə inkişaf etdirmək məqsədi ilə 1925-ci ildən Gəncə şəhərindən elmi tədqiqat ipəkçilik stansiyası təşkil edildi. 1959-cu ildə həmin stansiya Elmi Tədqiqat İpəkçilik İnstitutuna çevrildi.  İnstitutun əməkdaşları tərəfindən 50-dən çox yüksək ipəkliyə malik ağ baramalı tut ipəkqurdu və 30-dan çox tut sortları yaradılmışdır. Müxtəlif illərdə ipəkqurdu cinslərindən 16-sı və tut sortlarının 20 hibridi Azərbaycanda rayonlaşdırılmışdırki, buda ipəkçiliyin inkişafına mühüm əhəmiyyət malik olmuşdur. 

           Barama- ipək sap və ipək istehsalının xammalıdır. Barama “koko” fransız sözü olub, qabıq mənasın verir.  Ipəkdən olan qabıq tırtılların xarici təsirlərdən özlərini qorumaq üçün ətraflarında ifrazatdan sardığı bir məhsuldur. Qurdun daxilində qıvrılmış boru şəkilində ipək çıxaran bir vəzi vardır. Vəzilər şəffaf və yapışqanlı maye ilə dolu olur. Həmin maye çölə çıxdıqda və ona hava toxunduqda ipək sapa çevrilir. Tırtıl dörd gün müddətində barama sarıyır. Tırtıl barama sarıyıb qutardıqdan sonra onun içərisində hərəkətsiz olaraq qalır və yuxuya gedir. Bu anlarda tırtılın daxili orqanlarında dəyişiklər gedir. Pup dövrünə keçir. Kəpənəyə çevrilərək  baramanı deşib uçub gedir. Keyfiyyətli ipək sap əldə etməkdən ötrü barama əmələ gəldikdən sonra tırtılı onun içərisində zəhərləyib öldürürdülər. İpəkqurdu yumurtalarının sayını artırmaq üçün isə kəpənəyin çölə cıxmasına şərait yaradırdılar.  1 qr ipəkqurdu toxumu ( 1qr =1200-2000 yumurta) 22-25 gün ərzindəki ömründə 40 kq tut yarpağı yeyir. Baramalar müxtəlıf ölçülərdə olur: uzunluğu 25-40 mm, eni isə 12-24 mm, çəkisi 3 qr qədər olur. Tırtıllar ipək sapı sarıyaraq barama əmələ gətirdikdən sonra onları 80-90% tempraturda 60-90 dəqiqə saxlayırlarki, baramanın daxilindəki şəklin dəyişmiş tırtıl ölsün, sonra baramanı qurudub barama açan fabrikə göndərirlər. Baramanın rəngi tamamilə ağ, limon-sarı, tünd sarı, qırmızımtıla çalan və hətta yaşılvari olur- ipəkqurdunun cinsindən asılı olaraq. İpəkqurdu başlıca olaraq vəhşi və əhilləşdirilmiş qurdalardan ibarət iki ailəyə ayrılır. Vəhşi ipəkqurdundan ən çox yayılan palıd ipəkqurdudu. Təbii ipək tut ipək qurdu və palıq ipək qurdlarından alınır. Ipəkqurdu toxumu iki cür olur: 

    1)     Sənaye əhəmiyyətli (qrena-toxum zavodunda əldə edilir)

    2)    Super elit və elit sortlar (ipəkçilik stasiyasında yetişdirilir)

    Bazar, 13 Mart 2022 18:31

    Üzümçülük və şərabçılıq

    Əlverişli təbii-coğrafi şərait ta qədimdən Azərbaycan ərazisində üzümçülüyün geniş inkişafına imkan yaratmışdır.Azərbaycanda cır-meşə üzümünün geniş yayılması bu ərazidə üzümçülüyün qədimliyindən xəbər verir. Üzüm insan üçün çox faydalı olan, üzüm tənəyi quraqlığa davamlı olub, qüvvəli torpağa tələbkar deyil. Üzüm çox su tələb etməyən və dəmyə səraitində yetişdirilməsi mümkün olan bitkidir. Üzümçülüyün bu ərazidə yayılmasını e.ə.III minilliyin başlanğıcına aid etmək mümkündür. Arxeoloji qazantılar zamanı Ağdam şəhəri yaxınlığındakı Üzərliktəpə abidəsindən 3500 il bundan əvvələ aid üzüm toxumları və daşlaşmış gillər aşkar olunmuşdur. Toxumların ən irisi 6,5 mm, gillərin böyüklüyü isə 18-20 mm ölçüdə olmuşdur. Içərisində üzüm qalıqları olan şərab küpləri, Mingəçevirdə tunc dövrünün sonuna aid olan qədim qəbirlərdən tapılmışdır. Qazax şəhərinin qərbindəki Sarıtəpə adlı qədim yaşayış yerindən arxeoloji qazıntılar zamanı küplər, üzüm gilələri və toxumları tapılmışdır. E.ə II minilliyin sonuna aid olması təsdiqlənmişdi. Həmin küplərin dibində bərkimiş şərab qalığı  da saxlanmışdır. Buda həmin dövrdə bu ərazidə şərabçılığın geniş istehsalını göstərir. Azərbaycanın ayrı-ayrı bölgələrində yüz illərdirki, yetişdirilən xalq seleksiyasının məhsulları olan rəngarəng yerli üzüm sortları (400-dən çox) və xiyabanlarda rast gəlinən yaşlı üzüm tənəkləri habelə üzümdən hazırlanan müxtəlif çeşidli məhsullar (mürəbbə, reçal, doşab, sirkə, abqora, sucuq, kişmiş, mövuc, turşaşirin, şərbət, şərablar, spirt və s.) bu ərazidə əhalinin üzümçülüklə məqsədyönlü məşğul olduğunu göstərir.   XIX əsrin axırlarında Azərbaycanın üzümçülük və şərabçılığın güclü inkişaf etdirildiyi ərazilərdə ağ, qırmızı, qara, çəhrayı və s. texniki və kişmişi üzüm sortları (Xərci, Əskəri, Misqalı, Xəlili, Ağ şanı, Kişmişi, Hüseyni, Əmiri, Xəzri, Qızıl üzüm, Çil üzüm, Beyləqani, Keçıəmcəyi və s.) yetişdirilirdi. 1913-cü ildə ərazimizin 15 qəzasında 26.5 min hektar üzümlüklər mövcud idi. Artıq 1924-cü ildə üzüm istehsalı 89.3 min tona, şərab istehsalı isə 5.9 min dekalitrə yüksəlmişdir. 1930-1931- ci illərdə Ağdam, Gəncə və Abşeronda 80-ə qədər yerli süfrə və texniki üzüm sortları aşkar olunmuşdur. 1940-cı ildə üzümlüklərin sahəsi 33 min hektara çatdı. 1954-cü il respublikada bu sahədə dönüş ili oldu. Onların ümumi gücü 311.8 min dekalitr təşkil edirdi. Azərbaycan şərabları yalnız respublikada deyil, həmçinin xarici ölkələrdə də (Macarıstan, Almaniya, Bolqarıstan, Polşa, Çexoslovakiya, Kuba və Monqolustan) böyük müvəffəqiyyətlə satılırdı. Öz keyfiyyətinə görə Fransanın ən yaxşı şərablarından geri qalmırdı. Azərbaycanda üzümçülük və şərabçılıq sahəsinin elmi-əsaslarla inkişafını təmin etmək üçün NS 12 avqust 1976-cı il tarixli, 269 saylı sərəncamı ilə ETU və Şərabçılıq İnstitutu yaradılmışdır. O dövrdə ən iri şərab istehsalçıları olan I və II nömrəli Bakı şərab zavodları, Göy-Göl aqrar sənaye kombinantı, I və II nömrəli Gəncə şərab zavodları 60 markadan çox şərab o cümlədən 17 növ turş şərab (“Baya”, “Alşərab”, “Sadıllı”,”Mədrəsə”,”Novruzlu”), 20 növ portveyn tipli tünd desert şərabı (“Ağstafa”,”Ağdam”,”Qızıl şərbət”), 11 növ desert şərabı (“Qaraçanaq”,”Mil”, “Azərbaycan”, “Şamaxı”) və 13 marka konyak (3,4,5 ulduzlu, “Göygöl”, “Bakı”, “Şirvan”, “Abşeron”, “Yubileyni”) istehsal edirdi. Texniki üzüm sortları: bayanşirə, Mədrəsə, Şirvanşahı, Xindoqnı, Həməşərə, Mələyi, Xərci, qara asma, Qara Aldərə, Dəvəgözü, Tağıverdi, İzabella və s. Texniki üzüm sortları əsasən süfrə (ağ, qırmızı və çəhrayı) tündləşdirilmiş, disserty və kəmşirin şərabların şampan şərab materiallarının və konyakların hazırlanması üçün istifadə edilir. Süfrə üzüm sortları: Ağ Xəlili, Qara kişmişi, Ağ Şanı, Qara Şanı, Şamaxı Mərəndisi, Şirvan şahısı, Xatını, Qızıl üzüm, Təbrizi, Dərbəndi, Sarıgilə və s.Burada üzümçülük, şərabçılığa aid məhsulları görürsünüz: şərablar, bəhməz, şirələr, kişmiş və s. daha sonra üzümçülükdə istifadə olunan avadanlıqları görürsünüz: şərab çəlləkləri, şərabçılıqda istifadə olunan pressdir, onun 100 ildən çox yaşı vardır. Təknə-nov üzüm sıxmaq üçün istifadə olunan daşdır. Belə  təknə novlarda üzüm ayaqla əzilirdi. əzilmiş üzüm şirəsi novlardan axaraq küplərə tökülürdü. Burada Azərbaycan şərablarının müxtəlif illərdə beynəlxaq sərgilərdə aldığı diplom və medalları görürsünüz:

         “Mil”-1955,1958

         “Şamaxı şərabı”-1952,1958

         “Qara Cahan”-1954-1958

         “Mədrəsə”-1955,1958.

    Bazar, 13 Mart 2022 18:28

    Arıçılıq

    Azərbaycanın mülayim iqlimi, zəngin bitki aləmi burada arıçılığın meydana gəlməsi və inkişafı üçün zəmin yaratmışdı. Quba- Xaçmaz, Şəki-Zaqatala, Lənkəran-Astara, Şirvan bölgələri, Qarabağ, Naxçıvan və Kəlbəcər arıçılığın qədim mərkəzləridir. Zəngin floraya malik respublikamızda 600-dən artıq çox ballı bitki növü olduğu müəyyən edilmişdir. Arıçılıq öz inkişaf prosesində bal və mum toplanması, həmçinin çöl arı ovundan başlayaraq, meşə arıçılığı və ev arıçılığına qədər üç mərhələ keçirmişdir. Etnoqrafik materiallardan aydın olur ki, meşələrdə ağac koğuşlarında, qayalarda, mağaralarda çoxlu arı olmuşdu. Yerli əhali tərəfindən çöl arılarını ovlamaq üçün əlçatmaz qayalarda xüsusi yerlərdə boş pətəklər qoyulurdu. Arıları cəlb etmək üçün bu pətəklərə içəri tərəfdən ətirli ot və çiçəklərdən hazırlanmış xüsusi məlhəm sürtürdülər. Beçəni ovlayan adam onun tam sahibi hesab olunurdu. Kəndli meşədə arıların məskən saldığı ağac koğuşlarından tək başına istifadə etmək hüququna malik olurdu. Aşkar etdikləri koğuşları işarə ilə nişan qoyurdular. Heç kəs bu arını zəbt etməyə curət etməzdi. Beləki əqidəyə görə arı “müqəddəsdir”, onu ogurlamaq olmaz, əks təqdirdə o qırılar. Zaman keçdikcə əhalinin arı məhsullarına təlabatının artması süni (ev) pətəklərinin yaranmasına səbəb olmuşdur. Azərbaycanda ev arıçılığı yerli əhaliyə hələ e.ə. I minillikdən məlum idi. Bunu Qazax rayonunda Sarıtəpə adlı yaşayış yerindən tapılmış qabın içərisindən sarı rəngli məhlul-balın aşkar edilməsi təsdiq edilmişdi. Orta əsrlərdə Azərbaycanda olmuş səyyahlar burada “yüksək keyfiyyətli yerli baldan geniş istifadə edilməsi, ondan müxtəlif növ şirniyyat məhsulları hazırlanması barədə məlumat verilir. XIX əsrin əvvəllərində Cənubi Qafqazda ən böyük arıçılıq təsərrüfatı hesab olunan Quba qəzasında 15000 arı ailəsi vardı. Digər arı cinsləri ilə müqayisədə Qabaqtəpə arıları 52 kq, İtaliya arıları 41kq, Şimal arıları isə 19 kq bal verir. Qabaqtəpə arısı haqlı olaraq mütəxəsisslər arasında “qızıl arı” adlanır. Qabaqtəpə arısı Rusiyanın şimalına, habelə Avropaya, Amerikaya aparılırdı. Arıçılıqda məhsuldarlığına görə 2 bal arı cinsi daha məhsuldardir:

       -Boz Qafqaz cinsi-Qabaqtəpə arısı

       -Sarı Qafqaz cinsi.

       Azərbaycan ərazisində yayılmış Sarı İran və ya Lənkəran arısı Mələz, İtalya arılarıda qədim arı cinsinə mənsubdur. Bu  arılar da məhsuldarlığına görə demək olarki, boz arılardan geri qalmır. Arı 1 kq bal yığmaq üçün milyonlarla çıçəkdən şirə sorur. Minlərlə km məsafə qət edir. Çəkildiyi bitkilərdən asılı olaraq arı balının müxtəlif növləri var. Bunlar cökə, balı, akasiya, günəbaxan, pambıq, çiçək, gəzəngi balı və s. balın yetişməsi müddəti (şan möhürlənədək) 16-23 gün davam edir. Azərbaycanda müxtəlif keyfiyyətli və dadlı, ağ, sarı, qırmızımtıl rəngli ətirli bal əldə edilir. Xüsusilə dağ balı keyfiyyətli sayılır. Arı məhsullarına bal, mum, vərəmum, arı zəhəri, arı südü, güləm daxildir. Bu məhsullardan tibdə, kosmetologiyada, yeyinti sənayesində və digər sahələrdə geniş istifadə olunur. Təcrübəli arıçılar arıların bəzi hərəkətlərinə görə havanın necə olacağını müəyyən edirdilər. Əgər hava buludlu olan zaman arılar yuvasından gizlənməyərək, şirə toplamağa  gedərsə yağış olmayacaq, yaxud səhər tezdən arılar pətəkdən çıxmayaraq içəridə vızıldayırsa onda yağış yağacaqdır. God-pətəyin ilk forması  hesab edilir. Godu, əsasən qoz, cökə, fıstıq ağaclarından hazırlayırdılar. Ayrı-ayrı zonalarda isə bəzi yerli ağac növlərindən (məs: Lənkəranda qızıl ağac, palıd) də istifadə edilirdi. Godu düzəltmək üçün diametri 50-70 sm olan ağac gövdəsini içərisi silindir şəklində oyulur, sonra hər iki başdan taxta ilə bağlanır. Bu qapaqlar pətəyə taxta payacıqları bərkidilir. Pətəyin yuxarı hissəsində onları saxlamaqdan ötəri dayacıqlar düzəldilirdi.  Arıçılar pətəkləri odun parçası və yaxud yastı daşın üzərinə qoyur, yağış, qar düşməsin deyə onların üstünü ağac qabığı və ya samanla örtürdülər.  Arıların qədim yaşayış məskəni sayılan godun Azərbaycanda iki forması xarakterikdi: dik god, yatıq god. Göy-Göl - Daşkəsən bölgəsində, Qazax, Qarabağ, Naxçıvan, Kəlbəcər, Gədəbəy və Laçında godun dik forması yayılmışdır. Azərbaycan  Lənkəran–Astara bölgəsində arıçılar yatıq goddan istifadə etmişlər. Arı şanısı yem ehtiyyatı saxlamaq və nəsil yetişdirmək üçün onların mumundan qurduğu yuvadır. Arı şanının arılar çərçıvənin hər iki tərəfini hörərək hazırlayır və içinə bal yığılır.  Torlu papaq və tüstü körüyü arılardan qorumaq üçündür. Torlu papaq- arıçının üzünü arı sancmasından qoruyur. Tüstü körüyü arıları sakitləşdirmək üçün işlədilir. Onun içərisində çürük ağac tüstüsü verən material yandırılır.  Balı süzmək üçün lazım olan süzgəc, şam əridən qab və şam sıxan pressdən istifadə edi. Balın tərkibində 20 % su, korbohidrat (əsasən qlükoza, fruktoza, saxaroza, və s.) 80%, zülal 0.4%, kül 0.3%. Tərkibi: Üzvü turşular, fermentlər, aromatik və mi neral maddələr, az miqdarda vitaminlər (B1, PP, C, B6, K, E) və boyacı maddələr olur. Bal əsasən 2 cür olur: 

    1) Çiçək balı ( müxtəlif bitkilərdən toplanır)

    2)  Şirə balı (yarpaq və gövdələrin şirin ifrazatından alınir).  

        Bütün dərmanların şahı baldır. Xalqımız  balı min bir dərdin dərmanı hesab etmişlər. 

    Bazar, 13 Mart 2022 18:26

    Heyvandarlıq

    Maldarlıq təsərrüfatının meydana çıxması və inkişafı daha çox qədim şərq ölkələrinin adı ilə bağlıdır. Azərbaycanın da Qafqazla birlikdə bu inkişafda öz yeri vardır. Qafqaz maldarlığın yaranmasının ilk vətənlərindən biridir. Azərbaycanda heyvandarlığın iri buynuzlu mal-qara, qoyunçuluq, dəvəçilik, atçılıq və s. sahələri inkişaf etmişdir.Azərbaycanda əhalinin tunc dövründən, yəni e.ə. III minillikdə maldarlıqla məşğul olmaları haqqında Kür-Araz arxeoloji mədəniyyətinə aid abidə də Novxanıda, Kültəpədə və Qazax rayonu ərazisindəki Babadərviş yaşayış yerlərindən tapılan dəlillər (sümük qalıqları) sübut etmişdir. E.ə . I minillikdən eramızın III əsrlərinə qədərki dövrə aid  bir sıra arxeoloji abidələrdən tapılan xırdabuynuzlu heyvan skeleti, onların abidələr üzərində təsviri qoyunçuluğun dövrünə görə böyük əhəmiyyətə malikdir. Qoyunçuluğun beşiyi sayılan  Azərbaycanda onlarla qoyun cinsləri birləşmişdir. Bu cinslərin əksəriyyəti tarixən yaranmış və inkişaf etmişdir. Yetişdirilmiş qoyun cinsləri əsasən yağlı, quyruqlu olub, ətlik, südlük, yunluq və satış üçün istifadə olunurdu. Bu cinslər xarici görünüşü, yunun keyfiyyəti, südü, çəkisi  və başqa nişanələrinə görə bir-birindən fərqlənirdi. Arxeoloji qazıntılar zamanı müəyyən edilmişdirki, qədim qoyun cinsləri müasir yerli Azərbaycan  cinsləri ilə çox yaxınlıq təşkil edir. Lakin bunların arasında fərqlərdə vardır. Misal üçün Qədim Mingəçevir qoyun və keçiləri Azərbaycanın müasir qoyun və keçilərinə nisbətən gödəkayaqlı, iribədənli və çəkisi etibarı ilə ağır olmuşdur. Azərbaycanda şöhrət tapan, qədim və geniş yayılmış cinslər : Qarabağ, Şirvan, Bozax,  Mazıx, Balbas, Merinos, Ləzgi, Herik qoyunlarıdır.Qeyd edək ki, qarabağ cinsi Bozax, Şirvan və başqa yerli qoyun cinslərin formalaşmasında ana cinsi rolunu oynamışdır.

          Qərbi Azərbaycanda, qismən Şərqi Gürcüstanda yayılan Bozax qoyunu vaxtilə Gəncə və Qazax qəzalarında daha çox inkişaf tapan qoyun  cinsi ətlik, südlük, yunluq və satış üçün bəslənmişdir. Naxçıvanda geniş yayılan  balbas qoyunu ən iri qoyun hesab edilir. Balbas qoyunları boyca hündür caydaq olurlar. Rəngi ağ, başında və bəzən ayağında qara ləkələr olur. Bu ləkələr onun görkəminin yaraşığını dahada artırır.    Balbas qoyunları buynuzsuz, yun keyfiyyətli və südü yağlı olur. Qoyunların çəkisi 50 kq qədər, qoçlarınki isə 65 kq-dan artıq olur. Quyruğu 16-20 kq qədər olan bu qoyunların yunuda 3-4 kq qədər olur. Balbas qoyunun yunu toxuculuqda yüksək qiymətləndirilir. 125-135 kq qədər süd verən bu qoyun cinsi  XIX əsr və XX əsrin əvvəllərində  geniş yayılmışdır. Dünyada ən qədim qoyun cinslərindən biri sayılan merinos qoyunudur. XIX əsrin 40-cı illərində Azərbaycana Rusiyyanın Tavrida quberniyasından gətirilmişdir. Merinos qoyunu təkcə ətlik deyil, həmdə yüksək keyfiyyətli çox zərif yununun olması ilə istifadə edilmişdır.  Merinos qoyunundan 4-6 kq, 7-10 kq qədər nazik və uzun yun qirxilir. Bu cinsin çəkisi 50 kq , erkəklərinki isə 75-90 kq qədər olur.  Xüsusilə Gədəbəy və Şəmkirdə yetişdirilir. XIX əsr XX əsrin əvəllərində Cənubi Qafqaz qoyunçuluq təsərrüfatında Azərbaycan birinci yeri tuturdu. Öküzdən yerin şumlanması, dənin döyülməsi və məhsulun daşınmasında istifadə edilmişdir.Aşkar edilən maddi-mədəniyyət nümunələri və külli miqdarda sümük qalıqlarından aydın olurki, antik  dövr və ilk əsrlərdə qaramal durmadan inkişaf etmiş və sayca xeyli artmişdır. Azərbaycanda qaramal cinsi sayca o qədər də çox deyildir. Bu ərazidə iki cins daha geniş yayılmışdır. Kiçik Qafqaz və Böyük Qafqaz cinslərinin tarixi minillikdən xəbər verir. Hər iki cins əsrlər boyu yerli əhalinin ən çox bəsləyib yetişdirdiyi heyvanlar olmuşdur. Qaramalın yaş xüsusiyyətlərinə görə xalq arasında adları vardır. İnək doğanda balasına balaq, altı aylığa qədər buzov, 6 aydan bir ilə qədər olanda dana və s. adlanır. Heyvan orqanizminin quruluşu, onu həyat fəaliyyətindən, heyvan xəstəlıklərinin səbəbləri, əlamətləri, profilaktikası və müalicəsindən bəhs edən kompleksdir. Baytarlığın əsası heyvanların insan tərəfindən əhliləşdirməyə başladığı dövrdən qoyulmuşdur. Eramızdan IV min il əvvəl misirlilərdə baytarlar olmuşdur. Azərbaycanda baytarlığın tarixi atçılığın inkişafı ilə bağlıdır.  Ərəb məxəzlərinin məlumatına görə VII-X əsrlərdə Azərbaycanda xalq arasında baytar, əttar, sınıqçı və nalbəndlər olmuşdur. Onların təcrübəsindən hətta başqa xalqlarda istifadə etmişdir. Azərbaycan Respublika Əlyazmalar İnstitutunda XVIII əsrin ortalarında yazılımış “Fərəsnamə” və “Risaleyi-baytariyyə” adlı iki əlyazması var. Bu əsərlərdə atın anotomiyası bir sıra at xəstəliyi və müalicəsindən və s. məsələlərdən danışılır. Azərbaycanda ilk dəfə  1946-cı ildə M.Q.Qəniyev və İ.R.Mirzəzadə qaramal və xüsusilə camış pasterellyozuna qarşı vaksin almışlar. Alimlərin baytarlıq sahəsində bir sıra tədqiqatları dövlət mükafatına layiq görülmüşdür. 1958-ci ildə  Azərbaycan ETB-i yaradıldı. kənd təsərrüfatı heyvanları aşağıdakı xəstəlillərə tutulur: davaq, qarayara, quduzluq, pasterilloz, brusellyoz, vərəm və s.  

    Bazar, 13 Mart 2022 18:25

    Meyvəçilik

    Azərbaycanda meyvəçiliyin qədim tarixi vardır.  Zəngin təbiətə müxtəlif və rəngarəng iqlimə, torpaq örtüyünə malik olduğuna görə Azərbaycanda tarixən müxtəlif növ meyvə ağaclarının yetişməsinə səbəb olmuşdur. Bu ərazidə təbii halda bitən alma, armud, heyva, əzgil, gavalı, zoğal, nar, əncir, tut, moruq, çiyələk və başqa cırmeyvə və giləmeyvə bitkilərinə rast gəlirik. Azərbaycan meşələrinin özünün bol cır meyvəsi olmuş və əhali bu meyvələrdən geniş istifadə etmişdir. Zaman keçdikcə yabanı meyvələrdən mədəni meyvə yetişdirməyə başlamişlar. Bunun üçün hər cür şərait olmuşdur. Arxeoloji qazıntılar zamanı əksər bölgələrimizdə müxtəlif meyvə çəyirdəklərinin tapılması meyvəçiliyin qədim tarixindən xəbər verir. Məsələn, Göygöl rayonunda e.ə. II minilliyin  tunc dövrünə aid sərdabədə şaftalı çəyirdəyi aşkar edilmişdir. Buda meyvəçiliyin bu ərazidə geniş yayıldığından xəbər verir. Qədim Mingəçevirdə e.ə. VIII-III əsrlərə aid abidələrdən nar, şaftalı və başqa meyvə qabıqlarının tapılması xüsusilə qiymətlidir. E.ə. IX əsrində də Azərbaycanın üzüm, əncir, alma, armud, nar, zoğal, şabalıd və qurudulmuş meyvəsi bütün Yaxın Şərq ölkələrində məhşur idi. Əkinçi əhali bol bağçılıq məhsulu götürərək təkcə öz təlabatını deyil,  onun ixracı ilə də məşğul olmuşdur. Qəbələdə arxeoloji qazıntılar zamanı  e.ə. XIII-VIII əsrlərinə aid mədəni təbəqələrdən qoz, fındıq, nar, ərik, alma, armud, xurma və s. meyvə qalıqları əldə edilmişdir. XVII əsrdə səyyahlar Naxçıvanda bir bağda 26 növ armudun olduğundan xəbər verirdilər.Etnoqrafik materiallar XIX əsrdə meyvəçiliyin Azərbaycanda əksər qəzalarında inkişaf etdiyini göstərir. Quba, Şamaxı, Göyçay, Şəki, Naxçıvan qəzaları meyvəçiliyin əsas mərkəzləri hesab edilirdi. Hətta meyvə olmayan yerlərdə taxıl, düyü, süd məhsulları ilə mübadilə edilirdi. XIX əsrin sonlarında dəmir yollarının çəkılışı ilə əlaqədar olaraq Azərbaycan meyvəsi Ümumrusiya bazarına daha çox çıxarılırdı. Abşeronun sarı ənciri, Naxçıvanın sin armudu, əndiryani armudu, əbutalibi əriyi, peyvəst əriyi, kəhat heyvası, Ordubadın salami, zəfəranı, alanayı, nazlı, gərəlli, qışlıq şaftalı növləri, Qubanın cırhacı, qəndilsinab alması, Şəki-Zaqatalanın ağagörməz, vələçin, yay gülabı və s. armudu xalq seleksiyasının uzun illər boyu yaratdığı meyvə növləri şöhrət qazanmışdı. Azərbaycan torpağının bu ləziz meyvələri bir sıra sərgilərdə nümayiş etdirilmiş və yüksək qiymətləndirilmişdir. Əbutalibi əriyi 1898-ci ildə Koliforniyada təşkil edilmiş ümumdünya meyvəçilik sərgisində birinci yerə layiq görülmüşdür.1882-ci il ümumrusiya sərgisində şairə Xurşidbanu  Natəvan bir çox kənd təsərrüfatı məhsulları ilə bərabər qurudulmuş zoğal, tut, nar, alça və s. kimi meyvə məhsullarınıda nümayiş etdirmişdir.

            Azərbaycan bağçılıq təsərrüfatında alma bağları mühüm yer tuturdu. Almanın 300-ə yaxın növü vardır. Alma qızılgülçıçəklər fəsiləsinə aid bitkidir. Tərkibində 5-24% şəkər, 1.3% üzvü turşular, B və C vitaminləri, Fe duzları vardır. Alma böyük müalicəvi əhəmiyyətə malikdir. Almadan cem, şirə povidla, pure və s. məhsullar hazırlayırlar. Ürək zəifliyi, qanazlığı , mədə bağırsaq xəstəliklərində, vitamin azlığında, müalicəvi əhəmiyyətə malikdir. Alma növləri “Yay alması” və “Qış alması” adı ilə tanınır. Alma sortları bunlardır: Qızıl Əhmədi, Cırhacı, Sarıturş, Qırmızı Miski, Zəfəranı, Rəcəbi, Nəsimi, Smerenko və s.

            Azərbaycanda armudunda 250-yə yaxın növü vardır. Armud qızılgülçıçəklər fəsiləsindəndi. Armudun tərkibində 12% şəkər, 42% pektin maddələri, 25% üzvi turşular, C və B1 vitaminləri vardır. Xalq təbabətində armudun yarpaqlarından dəmləmə hazırlayıb böyrəklərdəki daşa, ürək ağrılarına, ürək döyüntülərinə qarşı istifadə edirdilər. Abbasbəyi, Cırnadırı, Padar, Lətifə, Nazarmudu, Gülşən, Hacı Mehdi, Siniarmudu, nararmudu, Əhmədqazı, şəkəri, və s. payız və qış armudlarının yerli növləridir. Qiymətli meyvə növlərindən biri olan nar, cır halda Kür, Alazan və Əyriçay sahillərində, Şirvanda Boz dağın ətəklərində və Lənkəranda bitir. Nar-Rumcacial fəsiləsindəndir. Narın elmi adı “ Pumka qranitum”dur. Latın sözüdür. “Pumka”- tünd qırmızı, “qranatus” isə “dənə” deməkdir. Onun qiymətli sortları e.ə. Yunanistanın Karfogen vilayətində yetişdirilirdi. 

    Bazar, 13 Mart 2022 18:23

    Pambıqçılıq

    Pambıq ən qiymətli, sərfəli və perspektivli texniki bitkilərdən biri kimi dünyada şöhrət tapmışdır. Dünya toxuculuğuna sərf edilən xammalın 70-75%-ni pambıq təşkil edir. Bu qiymətli bitkidən 250-dən çox məhsul alınır. Hər bir ton pambıqdan orta hesabla 3000 m parca, 100-110 kq pambıq yağı, 200-250 kq jımıx, sabun, qliserin, yapışqan, kağız, barıt və s. məhsullar hazırlanır. Pambıqdan həm yanacaq həm də alaf kimi istifadə edilir.

              Pambığın ilk dəfə kimlər tərəfindən mədəni hala salınaraq becərilməsi müəyyən edilməmişdir. Lakin hələ eradan əvvəl Afrika və Ərəb ölkələrində, Hindistanda, Çin, İran, Meksika, Peru, Əfqənistan, Orta Asiya pambıq becərilməsi haqqda dəlillər vardır. Məlumata görə III min il əvvəl Hindistanda pambıq becərilmişdir. E.ə. V əsrdə yaşamış yunan tarixçisi Herodot yazırki, Hindistanda qəribə ağac var, onun çiçəyi meyvə deyil yun gətirir. Şərq ölkələrində olduğu kimi Azərbaycanda da pambıq çox qədim zamanlardan becərilmiş və ondan istifadə edilmişdi. Arxeoloji qazıntılar zamanı qədim Mingəçevirdən tapılmış və  V-VI əsrlərə aid edilən pambıq kələfləri, xüsusilə  pambıq toxumlarının tapılması böyük elmi əhəmiyyət kəsb edir. Həminn toxumlar son zamanlara qədər becərilən bəzi pambıq növlərinin toxumları ilə yaxınlıq təşkil edir. Pambıqçılıq X-XI əsrlərdə Azərbaycanda daha da inkişaf edir. X-XII əsrlərdə artıq Şamaxı və Gəncə iri toxuculuq mərkəzləri sayılırdı. XV əsrdə Şirvan Xanlığı öz pambıq parçalarına görə məhşurlaşır. Gəncə toxucu ustalarının hazırladıqları pambıq parçalar xarici bazarlarda yüksək qiymətləndirilirdi. XVII əsrdə pambıq məhsulu sənətkarlıq və ticarətdə çox mühüm rol oynayır. Şəhər və kənd əhalisi pambığın hesabına dolanırdı. Cənubi Qafqazda XIX əsrin 30-cu illərindən etibarən Azərbaycanda Misir və Brazilya pambıq növləri becərilməyə başlanır. Bu dövrlərdə Amerika pambıq növləri əkilsədə, Misir növü yerli şəraitə daha uyğun olduğu üçün geniş becərilirdi. Lakin bu gəlmə növlərlə bərabər yerli və Mazandaran növləri də müvəffəqiyyət qazanmışdir. Bu növə yerli əhali” Asiya qozası”-“ Qara quza” adı vermişlər. “Qara quza” pambıq növünün telləri zərif olduğundan onun məhsuldarlığı aşağı olsa da  belə toxuculuqda çox yüksək qiymətləndirilirdi. XIX əsrin sonu XX əsrin əvvəllərində Rusiyada istehsal olunan təkmilləşdirilmiş kənd təsərrüfatı alətlərinin Azərbaycanda istifadə edilməsi pambıqçılığın inkişafına böyük təsir göstərdi.

     Çin Cotton” 1897-ci ildə “pambıq təmizləyən maşın ilk dəfə Amerikadan  Azərbaycana gətirilir.Pambıq toxumundan pambıq liflərini çıxarmaq üçün istifadə olunan ”Cin - Cotton” maşınını   Eli Whitney 1793-cü ildə  ixtira etmişdi. ”Cin - Cotton” maşınını    ixtirası ABŞ-ın cənubunda pambıq istehsalında inqilaba səbəb oldu və bu ölkədə köləlik institutuna böyük təsir göstərdi. ”Cin - Cotton” maşınınının ixtirasından əvvəl pambıq yetişdirmək nəinki çox əmək tələb edirdi, həm də lifi pambıq toxumundan ayırmaq daha da əmək tələb edirdi. Yalnız ən böyük əkin sahələri pambığın maya dəyərini artırdı. ”Cin - Cotton” maşınınının ixtirası və istehsalı onu dəyişdirdi.

         Pambıq yetişdirmək və becərmək  Dərin Güneydə pambıq istehsalının artmasına böyük töhfə verən gəlirli və az əmək tələb edən pul məhsulu oldu. Bu da öz növbəsində qul və kölə sahiblərinin sayının artmasına və Güneydə  pambıq əsaslı kənd təsərrüfatı iqtisadiyyatının böyüməsinə səbəb oldu. Artıq 1912-ci ildə Azərbaycanda 150-yə yaxın pabıqtəmizləmə zavodu fəaliyyət göstərirdi. Bunlarla yanaşı təcrübə stansiyaları yaradılır, təcrübə tarlaları salınırdı və s. Hələ 1898-ci ildə H. Z. Tağıyev  tərəfindən ”Bakıda  H. Z. Tağıyevin  lifli cismlərin emalı üzrə Qafqaz səhmdar cəmiyyəti” yaradılır. 1901-ci ilin əvvəlində cəmiyyət tərəfindən Bakının Zığ kəndində toxuculuq fabriki tikilib istifadəyə verildi. Bu, Qafqazda ilk və ən iri pambıq-parça toxuma müəssisəsi idi. Fabrikdə müntəzəm olaraq 1100 nəfərdən çox, 1912-ci ildə isə 1400 nəfərdən artıq fəhlə işləmişdir. O, çoxu xaricdən alınıb gətirilmiş müasir texniki avadanlıqla təchiz olunmuşdu. Fabrik, əslində, iri istehsal kompleksi idi. Burada 40 desyatin sahəsi olan bir ərazidə fəhlə və qulluqçuların yaşaması üçün qəsəbə salınmış, məktəb binası, şor suyu şirinləşdirici stansiya və elektrik stansiyası tikilmişdi. Fabrikin özünün ambulatoriyası, paroxodu və anbarları vardı. Fabrikin xammala olan ehtiyacını ödəmək üçün Tağıyevin qəzalarda geniş pambıq əkini sahələri və bir neçə pambıqtəmizləmə  zavodu vardı.1970-ci ildən son zamanlara qədər ərazimizdə ən çox əkilən 3038, Muğan-397, Muğan- 364, AzNixi- 26, AzNixi- 17 , Az Nixi- 55 və digər sortları pambıq tarlalarında əsas yer tutur.

           Pambıq sortlarını bir-birindən fərqləndirən cəhətlər bunlardır:

    1)   Vegetasiya dövrü

    2)   Məhsuldarlığı

    3)   Qozanın çəkisi

    4)   Lifinin uzunluğu       

           Hal-hazırda Azərbaycanda pambıqçılıq yüksək səviyyədə inkişaf etdirilməkdədir.

           Bölmədə pambıqçılıq üzrə əmək qəhrəmanları Bəsti Məsim qızı Bağırova və Azərbaycanda ilk qadın mexanizatoru Sevil Həmzad qızı Qazıyevanın büstü qoyulmuşdu.

              Bəsti Bağırova-1906-cı ildə Goranboy rayonun Bağcakürd kəndində anadan olmuşdur. “Iki əllə pambıq yığımı” hərəkatının təşəbbüsçüsü, 2 dəfə Sosialist Əməyi Qəhrəmanı adına (1947,1950) layiq görülmüşdür.1930-33-cü illərdə Azərbaycan SSR Goranbaoy rayonu "Bağçakürd" (sonralar B.Bağırova adına) kolxozunun kolxozçusu, 1933-1950-ci illərdə həmin kolxozda manqa başçısı və 1953-62-ci illərdə sədri olmuşdur. AKP-nin  XXIII–XXV qurultaylarında Mərkəzi Komitə üzvü seçilmişdir. SSRİ Ali Sovetinin  (I-III çağırış),  Azərbaycan SSR  Ali Sovetinin (IV–V çağırış) deputatı,  Azərbaycan  SSR  Ali Soveti Rəyasət Heyətinin üzvü olmuşdur.  3 dəfə  Lenin ordeni,  Qırmızı Əmək Bayrağı ordeni və medallarla, ÜİKTS-in  böyük  qızıl medalı ilə təltif edilmişdir. Bakı Ali Partiya Məktəbini bitirmişdir(1952-ci il).Bağçakürd  kəndinə  Bəsti Bağırovanın tunc büstü qoyulmuşdurBakıda  Fəxri Xiyabanda  dəfn  edilmişdir (1962-ci il).

      Sevil Qaziyeva -1940-cı ildə Zaqatala rayonunun Aşağı Tala kəndində anadan olub. Azərbaycanda ilk qadın mexanizatorlardan olub, 1963-cü ildə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülüb. “Qadınlar sükan arxasına” hərakatının təşəbbüsçüsüdür. Sevil 1958-ci ildə sənədlərini Bakıdakı 5 nömrəli sənət məktəbinə  verir. Burada mütərrib peşəsinin sirlərini öyrənir. Təhsilini artıraraq 1962-ci ildə  Azərbaycan  Kənd  Təsərrüfatı İnstitutunun  mexanizasiya  fakültəsinə  daxil olan  Sevil Qazıyeva  işləyə-işləyə  həm də qiyabi təhsil alır. 1962-ci ildə  onu  Azərbaycan  LKGİ-nin  XXIII qurultayına nümayəndə seçirlər. Qısa müddət ərzində Azərbaycanın adlı-sanlı pambıqçılarından  birinə  çevrilən  Sevil Qazıyeva 1962-ci ildə öz maşını ilə 190 ton pambıq yığır. Sevilin başçılıq  etdiyi  briqada həmin il hər hektardan 30 sentner pambıq  götürdüyü  üçün onu "Qırmızı Əmək Bayrağı" ordeni ilə təltif edirlər. Sevil Qazıyeva 1963-cü ildə Azərbaycan SSR Ali Sovetinin deputatı seçilir. Deputat seçilməsi Sevilin qayğılarını daha da artırır. O, eyni vaxtda həm başçılıq etdiyi briqadanın işlərinə nəzarət edir, həm də seçicilərinin problemləri ilə məşğul olur. Tələbə-deputat boş vaxtlarında isə imtahanlara hazırlaşır. Bütün imtahanlardan əla qiymətlər aldığı üçün müəllimləri onu əyani  şöbənin tələbələrinə  nümunə göstərirmişlər. Sevil traktorçu, pambıqyığan kombaynın mexanik-sürücüsü, Mil düzündəki sovxozlardan birinin traktorçular briqadiri işləmişdir. Onun çağırışı ilə, 600 nəfərdən çox qız mexanizator peşəsini seçmişdir. Sevil Qazıyeva (1963-cü il)  gənc yaşlarında, faciəli surətdə həlak olmuşdur. 

    6 -dən səhifə 9
    Bizə sualınız
    1. Adınız, soyadınız*
      Please type your full name.
    2. E-mail*
      Invalid email address.
    3. Sualınız
      Invalid Input
    Operator xətti